Modern.az

Zəlzələ Türkiyəyə nə qədər ziyan vurub? - Bərpa prosesi 3-4 il çəkəcək

Zəlzələ Türkiyəyə nə qədər ziyan vurub? - Bərpa prosesi 3-4 il çəkəcək

7 Fevral 2023, 16:03

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insan dünyasını dəyişib və yaralanıb, minlərlə yaşayış binası dağılıb. Təbii fəlakət Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniyəyə ciddi ziyan vurub, yaşayış məntəqələri bir anda fəlakət zonasına çevrilib.

 

Hazırda əsas hədəf dağıntı altında qalan insanların xilas edilməsi və zəlzələ fəlakətinin tezliklə aradan qaldırılmasıdır. Bütün qüvvələr bu istiqamətdə səfərbər olub. Təbii fəlakət insan itkisi ilə yanaşı, qardaş ölkənin iqtisadiyyatına külli miqdarda ziyan vurub. Hazırda ziyanın dəqiq məbləği bəlli olmasa da, söhbətin milyardlarla dollardan getdiyini söyləmək olar.  

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyədə baş verən zəlzələ büdcə xərcləmələrini artıracaq:

 

“Türkiyədəki zəlzələ təxminən 13,5 milyon insanın yaşadığı 10 böyük vilayəti əhatə edir. Dağıntıların həcminin çox böyük olduğunu nəzərə almaq lazımdır. Belə olan halda dağıntıların aradan qaldırılması üçün hətta 10 milyardlarla vəsaitə ehtiyac yaranacaq. Bu nöqteyi-nəzərdən Türkiyənin büdcə xərcləmələrinin artması gözlənilir. Kifayət qədər böyük vəsaitlərə ehtiyac olacaq”.

 

Ekspertin sözlərinə görə, dağılan şəhərlərin yenidənqurulması sonradan iqtisadiyyatın canlanmasına səbəb ola bilər:

 

“Böyük investisiya layihələrinə həm daxili resurslar, həm də xarici donorlar hesabına vəsait tapılsa, şəhərlərin yenidən qurulması iqtisadiyyatda canlanmaya da səbəb ola bilər. Məsələyə bu nöqteyi-nəzərdən də baxmaq olar. Çünki Türkiyədə tikinti sektoru çox güclü inkişaf edən və böyük iş yerləri yaradan sektordur”.

 

N.Cəfərli Türkiyədə zəlzələnin dağıtdığı şəhər və rayonların təxminən 3-4 ilə bərpa oluna biləcəyini söyləyib: “İndidən vaxt barədə nəsə demək çətindir. Ancaq yenidənqurmanın illərlə davam edəcəyi şübhə doğurmur. Bu şəhərlərin tamamilə bərpa olunması üçün ən azı 3-4 il lazım olacaq".

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı