Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin, eləcə də vətəndaşlığı olmayan şəxslərin müddətli əmanətində dəyişiklik olacaq.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Banklar haqqında” Qanununa dəyişiklikdə qeyd edilib.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda veriləcək.
Qeyd edək ki, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində depozit məqbul hesab edilir.