Türkiyə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı və digər sahələri əhatə edən ticari əlaqələr yüksək səviyyədədir. Ticarət dövriyyəsinin getdikcə artdığı məqamda qardaş ölkədə minlərlə insanın ölümünə səbəb olan zəlzələnin baş verməsinin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi bildirilir.
Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyə Azərbaycanın 3 əsas ticarət tərfədaşından biridir:
“2020-ci il fevral ayının 25-də iki ölkə arasında preferensial ticarət sazişi imzalanıb. Bu sazişlə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 5 il ərzində 3 dəfə artması gözlənilirdi. 2020-ci ildə pandemiyanın olması, ardınca iqtisadi böhran sözügedən hədəfə çatmaqda ciddi problemlər yaratdı. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 milyard həcmində qiymətləndirilir. Azərbaycanın ticarət dövriyyəsində Türkiyənin payı 13 faizdən artıqdır. Həm ticarət dövriyyəsini, həm preferensial ticarət sazişini nəzərə almaq lazımdır”.
İqtisadçı vurğulayıb ki, Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Türkiyə kimi bir dövlət Azərbaycan üçün çox önəmlidir. Zəlzələ iki ölkə arasında olan iqtisadi əlaqələrə, eyni zamanda Azərbaycanın özünün iqtisadiyyatına bu və ya digər formada öz təsirlərini göstərəcək. Türkiyənin zəlzələ baş verən ərazisi kənd təsərrüfatı üzrə istehsalatın 13-14 faizini əhatə edir. Sənaye üzrə bu göstərici 10 faizdən artıqdır. İqtisadiyyatın təxminən 9,3 faizi həmin ərazilərin payına düşürdü.
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi və iqtisadi əlaqələr üçün bu ərazilər çox vacibdir. Türkiyə əhalisinin 15 faizi zəlzələdən təsirlənib. Bütün bunların Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq demək mümkün deyil. Amma bunun Azərbaycanın ticarət dövriyyəsinin aşağı düşməsinə, yaxud Azərbaycanda makroiqtisadi göstəricilərə təsir göstərəcəyini düşünmürəm. Yəni bu zəlzələ makroiqtisadi göstəricilərimizə ciddi təsir göstərməyəcək”.
E.Əmirovun fikrincə, Türkiyədəki zəlzələ Qarabağda yenidənqurma işlərinə də təsir edəcək. O fikirlərini belə əsaslandırıb:
“Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsində Türkiyənin və bu ölkənin şirkətlərinin rolu çox böyükdür. Zəlzələ səbəbindən Türkiyənin özünün böyük ərazisində yenidənqurma işləri aparılmalıdır. 7 min dağılmış, minlərlə zədəli bina var. Bu, sıradan hadisə deyil. Məncə, Türkiyə öz şirkətlərini və texnikalarını dağılan ərazilərdə bərpa-quruculuq işlərinə yönəldəcək. Bu da Türkiyənin işğaldan azad olunmuş ərazilərindəki fəaliyyətinə təsir göstərəcək”.
İqtisadçı ekspert Natiq Cəfərli isə Modern.az-a bildirib ki, Türkiyədəki zəlzələnin təsirləri ilin ilk yarısında özünü göstərəcək:
“Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinə baxdıqda, kənd təsərrüfatı və sənaye məhsulları ön plana çıxır. Türkiyədə baş verən faciəvi hadisələrin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə ilk aylarda müəyyən təsiri olacaq. Bu ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsində 10-15 faiz azalma ola bilər”.
Ekspert düşünür ki, mənfi tendensiya ilin ikinci rübündə düzələcək: “Ancaq gələcək aylarda ciddi təsirlər olmayacaq. Əksinə Azərbaycanın müəyyən mal və məhsullarının Türkiyəyə ixracında artım ola bilər. Türkiyənin tikintiyə tələbatının böyük olduğunu nəzərə alsaq, Azərbaycanın sənaye və tikinti mallarının qardaş ölkəyə ixracında artım ola bilər. İkinci rübdə ticarət dövriyyəsi əvvəlki dönəmdəki vəziyyyətə geri qayadacaq. Lakin ciddi azalmanın olması ehtimalı çox aşağıdır”.