Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub.
Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edildiyini açıqlayıb: “AÇG və "Şahdəniz" yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb".
Nazirin sözlərinə görə, Bakı-Supsa neft boru kəməri ilə nəql edilən 99,4 milyon tonu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına göndərilib: "İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib”.