Modern.az

Azərbaycanda “Trendyol” QADAĞAN edilir?

Azərbaycanda “Trendyol” QADAĞAN edilir?

İqtisadiyyat

24 Fevral 2023, 13:27

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Cavid Süleymanlı yerli bazardakı pərakəndə şirkətlərin Türkiyənin “Trendyol” platforması ilə rəqabət apara bilmədiyini deyib.

 

O, sosial şəbəkələrdə tənqidlərə məruz qalan fikri "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxışı zamanı səsləndirib. 

 

"Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir", - deyə cənab Süleymanlı bildirib.

 

Xidmətin nümayəndəsi bundan əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında Azərbaycandakı rəqəmsal bazarla bağlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, "Trendyol" və "Hepsiburada" kimi Türkiyənin rəqəmsal satış platformaları Azərbaycanda ən çox bəyənilənlər arasındadır. "Trendyol" geyim və digər tekstil məhsullarının satışlarına görə Azərbaycanda ciddi populyarlıq qazanıb. 

 

Müəllif yazır ki, yerli rəqəmsal satış platformaları gömrük rüsumları, vergi, nəqliyyat, marketinq və digər xərclər çəkirlər. Türkiyə platformaları isə bu xərcləri çəkmədiyi üçün qiymətləri aşağıdır. Türk lirəsinin düşməsi, yükdaşıma xərclərinin azalması Azərbaycanda "Trendyol" və "Hepsiburada" kimi platformaların populyarlığını artırıb. Məqalədə haqsız rəqabətin aradan qaldırılması üçün təkliflər irəli sürülür. Qeyd olunur ki, platformalar Azərbaycanda nümayəndəlik açmalıdır və ən çox satılan məhsulların 30-40%-nin stoku Azərbaycanda olmalıdır. Eyni zamanda, məhsulların qiymətlərinin üzərinə gömrük vergisi gələrək formalaşması təklif edilir.

 

Cavid Süleymanlı qeyd edib ki, hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur: "Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir".

 

“Trendyol” platforması 2010-cu ildə 300 min dollar investisiya ilə qurulub. Təxminən 30 milyon müştərisi və 240.000 satıcısı ilə platforma Türkiyənin ən böyük elektron ticarət platformasıdır.

 

1219599

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu çıxış qurumun səlahiyyətlərinə uyğun deyil:

 

"Ümid edirəm ki, sözügedən açıqlama şəxsin öz fikirləridir. Dövlət qurumunun elə fikirləri ola bilməz. Antiinhisar Komitəsinin hansı işlə məşğul olduğu, səlahiyyəti və məsuliyyətinin nədən ibarət olduğu qanunvericilikdə öz əksini tapıb.  Sözügedən açıqlama Antiinhisar Komitəsinin səlahiyyətinə asılı olmayan məsələlərə müdaxilə kimi qiymətləndirilməlidir. Hətta həmin rəsmi şəxsin cəzalandırılması lazımdır".

 

Onun sözlərinə görə, heç bir haqsız rəqabətdən söhbət gedə bilməz:

 

"Antiinhisar qanunvericiliyi bazarın üçdə birindən çoxuna nəzarət edən şirkətlərə tətbiq olunur. "Trendyol" ümumiyyətlə bazarda yoxdur. Vətəndaşların şəxsi alış-verişində istifadə olunan məhsullardır. İkinci arqument kimi ölkədaxili şəbəkə mağazalarının ziyan görməsi göstərilib. Onların arenda verdiyi, vergi verdiyi, xərclərinin olması dilə gətirilib. Bu nə vətəndaşın, nə də Antiinhisar komitəsinin problemidir. Dünya artıq elektron ticarətə keçib. Elə ölkələr var ki, elektron ticarət, ümumi ticarət dövriyyəsinin az qala yarısını təşkil edir. Digər qanunlara görə Azərbaycan vətəndaşları öz istehlakları üçün ay ərzində xaricdən 300 dollarlıq mal sifariş verə bilər. Buna antiinhisar komitəsinin qarışmağa haqqı yoxdur. Belə bir fikir irəli sürülür ki, sifariş edib gətirir, sonra məhsulları satırlar. Bu, ümumiyyətlə absurddur. Əgər açıq şəkildə sifariş etmək mümkündürsə, hansısa adam niyə başqalarına əlavə pul verərək, məhsul gətirsin. Elə özü alar da.Bu açıqlama hardan baxsan tamamilə yanlışdır".

 

 

Bəs, Azərbaycanda elektron alış-veriş sahəsində vəziyyət necədir?

 

N.Cəfərli suala cavabında deyib: "Bu sahə yeni-yeni inkişaf edir. Doğrudur, dünya ilə müqayisədə 15-20 il geridəyik. Ancaq Azərbaycanın əhalisinin bu sahəyə meyli var. Bunula bağlı Azərbaycan vətəndaşlarının vərdişləri yaranır. Yeni şirkətlər qurulur. Bunun önünü açmaq lazımdır.  Beləliklə, belə şirkətlər üçün vergi qanunvericiliyində təşviq yanaşmasına ehtiyac var. Bu insan resurslarının normal idarəolunmasına hesablanıb. Dünya alış-verişin bu növünə keçir. Böyük mağazaların, "Mall"ların dövrü yavaş-yavaş qapanır. Elektron ticarət həm də İT sektoruna kömək edir. Yeni proqramçılar ərsəyə gəlir. Bazarda müasir peşələrə maraq artır".

 

Biznes məsələləri üzrə ekspert Nicat Manafov sözügedən çıxışın səhv başa düşüldüyünü bildirib:

 

"Sözügedən açıqlama düzgün anlaşılmayıb. Xüsusən də mediada bu fikirlər təhrif olunub. Burada haqsız rəqabətlə bağlı Azərbaycan qanunvericiliyinin tələblərinin pozulmasından söhbət gedir. "Trendyol"un bloklanmasından söhbət getmir. İstər "Trendyol", istər başqa mağazalar olsun haqsız rəqabətə girirsə, bu barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görülməlidir. Bir ölkədə hansısa markanın distributoru varsa, həmin marka Türkiyədən Azərbaycana məhsul göndərməli deyil. Markanın yerli distirbütoruna haqsızlıq yarandığı üçün məsələyə hansısa iqtisadi alətlə müdaxilə etməkdən söhbət gedir. Bəzi markaların Azərbaycanla eksklüziv müqavilələri var. Bunlar yalnız Azərbaycandakı distirbütorlardan alınmalıdır. Doğrudur,"Trendyol" o məhsulları satmır. Yəni ortada haqsız rəqabət yoxdur. Sadəcə bəzi satıcılar  boşluqlardan istifadə edərək rəqabət aparırlar".

 

1219596

 

Onun sözlərinə görə, Azərbaycanda elektron ticarət sahəsində vəziyyət ürəkaçan deyil:

 

"Azərbaycanda elektron ticarətin vəziyyəti ürəkaçan deyil. Biz bu sahədə 99 faiz xaricdən asılıyıq. Logistika sisteminin inkişafı, vergilərdə güzəştlər, xüsusən sahibkarların bu sahəyə investisiya yatırması ilə bu məsələni həll etmək olar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi