Modern.az

Dollara tələbin artması devalvasiyaya səbəb olacaq?

Dollara tələbin artması devalvasiyaya səbəb olacaq?

30 Mart 2023, 12:30

Son günlər Azərbaycanda dollara tələb kəskin artıb. Mərkəzi Bankın təşkil ediyi sonuncu hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Əvvəlki hərracda sifariş 47.9 milyon dollar təşkil edib. Bu isə dollara tələbin 2 dəfədən çox artdığını göstərir. 

 

Maraqlıdır, dollara tələbin artmasının səbəbi nədir? Bu yeni devalvasiyaya səbəb olacaq? 

 

Vətəndaşları düşündürən mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sonuncu hərracda dollara tələbin artması ümumi tendensiya deyil.

 

O fikirlərini belə əsaslandırıb: "Həmin vaxt həm bankların, həm də vətəndaşların tətildə olduğunu nəzərə almalıyıq. İqtisadi aktivlikdə bir az  ləngimə var. Hərracların uzun müddət həyata keçirilməməsi indiyədək yığılıb qalmış istəkləri artırır. Bunu günlər üzrə bölsək, görəcəyik ki, əslində günlər üzrə tələbat heç də artmayıb”.

 

 

Ekspertin fikrincə, narahat olmağa dəyməz, hazırda devalvasiya təhlükəsi yoxdur:

 

“İndiki durumda manatın məzənnəsinə, yaxud dolların artmasına səbəb olacaq devalvasiya gözlənilmir. Çünki buna zərurət yoxdur. Neftin qiyməti kifayət qədər bahadır. Dollara olan tələbatı ödəmək üçün vəsait var”.

 

İqtisadçı vurğulayıb ki, Mərkəzi Bankın manata təsirləri aradan qaldırmaq üçün kifayət qədər potensialı mövcuddur:

 

“Mərkəzi Bankın 9,043 milyard dollar həcmində ehtiyatı formalaşıb. Bu o deməkdir ki, Mərkəzi Bankın manata qarşı təzyiqləri aradan qaldırmağa real potensialı var. Azərbaycanda hazırda heç bir formada devalvasiya olacağı gözlənilmir. Amma qarşıdakı aylarda proseslər necə olacaq, valyuta ehtiyatlarının həcmi hansı istiqamətdə dəyişəcək, inzibati qaydada qərarlar necə veriləcək, bunu demək çətindir. Azərbaycanda manatın məzənnəsi inzibati metodlarla təmin olunur. Bu da bilavasitə subyektiv qərarlardan doğur. Məhz bu səbəbdən 2 il devalvasiya olmayacaq deyə qəti fikir bildirmək doğru deyil. Hazırkı vəziyyətdə isə hər şey sabitdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!