Modern.az

Həm sürətli, həm də təhlükəsiz - Turizm üçün yeni imkanlar açılır

Həm sürətli, həm də təhlükəsiz - Turizm üçün yeni imkanlar açılır

6 Aprel 2023, 11:36

Ötən ay Azərbaycanda iki istiqamətdə sürətli qatarlar istifadəyə verilib. Belə ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirməyə başlayıb. 309 kilometr uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

 

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Rəsmi məlumata görə, bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və 1148 sərnişinə xidmət göstərilib.

 

Bununla yanaşı, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçirilib.

 

Pandemiyadan sonra Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin daşımalarının həyata keçirilməsinin yerli turizmin inkişafına böyük töhfə verəcəyi ehtimal edilir. Qəbələ həm yerli, həm də xarici turizm baxımından Azərbaycanın əsas turistik mərkəzlərindən biridir. Bu istiqamətdə sürət qatarının fəaliyyətə başlaması Bakıdan gedən turistlər üçün şimal-qərb regionunu daha da əlçatan edib. Artıq həm turistlər, həm də yerli vətəndaşlar rahat və təhlükəsiz şəraitdə Qəbələyə səhayət edə bilərlər.

 

Qeyd edək ki, dəmir yolu turizmi dünyada turistlərin seçdiyi ən məşhur turizm növlərindən biridir. Ekspertlərin fikrincə, qatarla səyahət insanlarda xoş aura yaradır, həmçinin müxtəlif ölkələrin şəhərətrafı həyat və yaşayışı, təbiəti, təsərrüfatı turistlərin diqqətini daha çox cəlb edir. Dəmir yolu turizmi daxili turizmin inkişafına, ümumilikdə yaratdığı imkanlarla ölkə iqtisadiyyatına müsbət təsir göstərir, yeni iş yerlərinin yaranmasına gətirib çıxarır. Üstəlik, qatar digər nəqliyyat növlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Bu nəqliyyat növü sərnişinlərin getdikləri yerə rahat çatması baxımından olduqca sərfəlidir.

 

Bakı-Qəbələ-Bakı marşrutu regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır. Beləliklə, dəmiryolu nəqliyyatı ilə səyahət Azərbaycanda da daxili turizmin perspektivli sahələrindən birinə çevrilə bilər. 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, dəmiryolu nəqliyyatı təhlükəsiz olmaqla yanaşı, qiymətlər də münasibdir.

 

"Bizim həm şərq-qərb, həm də şimal-cənub arasında böyük logistik imkanlarımız var. Ölkə daxilində şaxələndirmə nə qədər çox olursa, onun imkanları daha da genişlənir. Biz tam əminik ki, Qərb istiqamətindən çıxışlarımızda Zəngəzur dəhlizi açılacaq. Şərq istiqamətində çıxışlarımızda Xəzər dənizi vasitəsi ilə daşınma imkanlarımız genişdir. Avropa və Asiya, Uzaq Şərq bu şəbəkənin tərkib hissəsi olaraq bütövlükdə ölkə iqtisadiyyatında və region iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq. Digər tərəfdən daxili turizmlə bağlı bölgənin iqtisadi potensialını şaxələndirməsi istiqamətində də öz töhfəsini verəcək. Dəmir yolunun üstünlüyü ondan ibarətdir ki, xərclər az olunur. Yəni maya dəyəri baxımından daşınmalar digər daşınmalardan daha sərfəlidir. Bu baxımdan turizm, kənd təsərrüfatı və sənayenin digər sahələri inkişaf edəcək və ən başlıcası bütövlükdə böyük bir logistik şəbəkəyə inteqrasiya olunacaq", - deputat vurğulayıb.

 

Turizm eksperti Ceyhun Aşurov dəmiryolunun nəqliyyat üçün önəmli rol oynadığını vurğulayıb:

 

“Nəqliyyat turizmin hərəkətverici qüvvələrindən biridir. Ölkə daxilində nəqliyyat infrastrukturu nə qədər inkişaf etmiş olarsa, eləcə də regionda, ölkələrarası nəqliyyat strukturu nə qədər modern, sürətli olarasa, aktivliyə müsbət təsir göstərər və insanlar başqa yerə getmək üçün daha qısamüddətli nəqliyyat vasitələrinə üstünlük verirlər. Bundan başqa Bakı-Gəncə sürət qatarı da var. Çoxlu sayda insan bundan istifadə edir. Qəbələ istiqamətində sürətli qatarın istifadəyə verilməsi, həmin bölgəyə turistlərin daha rahat səyahət etməsinə səbəb olacaq”. 

 

 

Turizm eksperti həmçinin, avtomobil, təyyarə kimi digər vasitələr üçün də yüksək standartlı infrastruktur qurmağın vacib olduğunu qeyd edib:

 

“Amma arzuolunandır ki, bizim digər yollar da, yol infrastrukturu da, çevik şəkildə standartlara cavab versin, söhbət təkcə qatardan getmir, avtomobil yolu, təyyarə üçün daha əlverişli şərtlərin olması rəqabətli qiymətlərin təqdim olunmasına gətirib çıxarır. Nəticədə turistlərin sayını və ölkə daxilində hərəkətini daha çox aktivləşdirəcək. Nəzərə alsaq ki, cənub regionuna yol infrastrukturu düzəldikdən sonra əvəllər 3-4 saatda gedilən yolu indi təxminən 1 saat daha qənaətlə getmək olur. Təəssüflər olsun ki, hələ Quba yolunun bəzi dağılmış hissələri turistlərin gediş-gəlişinə mənfi təsir göstərir. Sevindirci haldır ki, orada yenidən bərpa işləri gedir və ümid edirik ki, bərpadan sonra həmin istiqamətdə səfərlər daha da aktivləşəcək”.

 

 

Deputat Rüfət Quliyev də hesab edir ki, Bakıdan Qəbələyə sürət qatarının işə salınması regional turizmin canlanmasına müsbət təsir göstərəcək.

 

“Mən 100 faiz əminəm ki, Bakı-Qəbələ-Bakı dəmir yolu turizm biznesinə böyük dəstək olacaq. Hamımız bilirik ki, Azərbaycan hökuməti son 3 ildə turizmə daha çox şərait yaradır və diqqət göstərir. Hətta bununla bağlı xüsusi qərarlar qəbul etmişik. Sürətli qatarların fəaliyyətə başlamasının həm rayon, həm də turistlər üçün müsbət olacağını düşünürəm. Qəbələ bizim ən turistik və gözəl regionlarımızdan biridir. İnanıram ki, ora qatarla gedənlərin sayı çox olacaq”. 

 

 

İqtisadçı Fuad İbrahimov qeyd edib ki, dəmiryolu nəqliyyatı iqtisadi cəhətdən səmərəlidir. Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun yaranması bölgənin iqtisadi cəhətdən inkişafına müsbət təsir göstərir.

 

"Dəmir yolunun daha üstün tərəfi var ki, qatarla sərnişin daşıma ilə yanaşı, yük daşıma da həyata keçirilir. Qısa zaman kəsiyində yüklərin, qida, inşaat və tikinti materiallarının daşınmasında böyük rol oynayır. Dəmiryolu turizmin inkişafında önəmli rola malikdir. Bu, həm də iqtisadi canlanmaya səbəb olan amillər sırasındadır, eyni zamanda yeni iş yerlərinin açılmasına da müsbət təsir göstərir. Qatar ən rahat nəqliyyat vasitəsidir və iqtisadi cəhətdən səmərəliliyə imkan yaradır”.


 

 

 

Aytac Əsədova

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI