Modern.az

Köhnə maşınlardan necə xilas olaq - Ekspert və deputatdan fərqli baxış

Köhnə maşınlardan necə xilas olaq - Ekspert və deputatdan fərqli baxış

İqtisadiyyat

4 Aprel 2023, 16:43

Azərbaycanda avtomobil idxalı ilə bağlı yeni qadağanın tətbiqi birmənalı qarşılanmayıb. İstismar müddəti 10 ili keçən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə stop qoyulması haqda qərar geniş müzakirə predmetinə çevrilib. Buna etiraz edənlər hesab edirlər ki, yeni qərar avtomobil bazarında bahalaşmaya səbəb olacaq. Nəticədə buraxılış ili yeni olan nəqliyyat vasitələrinin hamı üçün əlçatan olması sual altında qalır. Təklif olunur ki, istifadə müddəti bitmiş maşınlardan xilas olmaq və yenilərini əldə etmək üçün gömrük rüsumlarına yenidən baxılmalıdır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, ekoloji baxımdan yararlı avtomobillərin idxalına xüsusi güzəştlər tətbiq edilir:

 

“2019-cu ildə elektrik mühərrikli avtomobillərin idxalı, 2023-cü ilin yanvar ayından etibarən isə həm idxalı, həm də satışı ƏDV-dən, elektromobillərin idxalı isə gömrük rüsumundan azad edilib. Ona görə də, hibrid və ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və satışına gömrük, vergi güzəştlərinin tətbiq olunması avtomobillərin qiymətlərinin aşağı düşməsinə təsir edir, insanlar da bu tipli avtomobillərə üstünlük verirlər. Gələcəkdə maşın bazarında bahalaşmanın olacağını yox, ucuzlaşmanın müşahidə ediləcəyini təxmin etmək olar”.

 

 

Deputatın sözlərinə görə, ümumiyyətlə, hökumətin bu addımı atmaqda başlıca məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılmasından ibarətdir:

 

“İnsanların həyat və sağlamlığının qorunması amili bu gün bütün dünyada olduqca mühüm faktora çevrilib. Əksər ölkələrdə istismara yarasız və təhlükəsizlik yastığı olmayan, həmçinin, texniki parametrləri tələb olunan meyarlara cavab verməyən bütün sinif avtomobillərin idxalı və satışı qadağan olunub. Hazırda Azərbaycanda avtomobil parkında isə texniki normalara cavab verməyən, maşın parkının təxminən 80%-ni köhnəlmiş avtomobillər təşkil edir. Həmin avtomobillər həm ətraf mühitə zərər vurur, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Ona görə də, könnə buraxılış ili olan maşınların idxalı məhdudlaşdırılır".

 

"Azərbaycan 2030-cu ilə qədər atmosferə buraxılan zərərli maddələrin səviyyəsini 35-40 faiz azaltmağı düşünür, bu sahədə ən çox zərər verən köhnə avtomobillərdir ki, onların da istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılması sayəsində bu hədəfə çatmaq mümkündür. Eyni zamanda, Azərbaycan “Avro-5” standartlarına keçməkdədir, bu o deməkdir ki, həm yanacağının istehsalının, həm də istismar olunan avtomobillərin “Avro-5” standartlarına uyğunlaşdırılması nəzərdə tutulub. 2023-cü ilin ortalarından etibarən bu istiqamətdə bir sıra tədbirlərin reallaşması qarşıya əsas məqsəd kimi qoyulub. Ona görə də, köhnə buraxılış ilinə malik avtomobillərin idxalının məhdudlaşdırılması bu tələblərdən irəli gəlir”. 

 

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə vurğulayıb ki, gömrük rüsumlarının azaldılmasına ehtiyac var:

 

“Bu qərardan sonra istifadə müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinin qarşısı alınacaq. Əhalinin avtomobillə bağlı imkanları hazırda o qədər də geniş deyil. Dəfələrlə gömrük rüsumlarını müəyyən müddətə məhdudlaşdırmağı, azaltmağı, yaxud simvolik rəqəmlər çərçivəsində tətbiq etməyi təklif etmişik. Bununla bağlı müzakirələr də olub. Təkliflər qəbul edilsəydi, insanlarda böyük maraq yaranacaqdı. 2-3 il ərzində vəziyyət belə olduqda kifayət qədər yeni avtomobil ölkəyə gətirilə bilərdi. Bu da avtomobil parkının yenilənməsi ilə nəticələnəcəkdi. Nədənsə, bu barədə qərar verən aidiyyəti qurumlar məsələyə başqa cür yanaşdılar. Bu yanaşma maddi imkanı aşağı olanlara təsir göstərəcək. Məcburən köhnə avtomobilləri bir-birinə satmaqla həyatlarını sürəcəklər, ya da Çində istehsal edilmiş qiyməti müəyyən qədər əlçatan olan az işlənmiş avtomobillərin alışı daha da stimullaşacaq. Ənənəvi avtomobilləri indiki şəraitdə əldə etmək olduqca çətindir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi