Modern.az

Qazaxıstan Bakı vasitəsilə neft tədarükünü ARTIRACAQ

Qazaxıstan Bakı vasitəsilə neft tədarükünü ARTIRACAQ

10 Aprel 2023, 17:04

Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına neft tədarükünü artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayev məlumat verib.

 

O qeyd edib ki, bu gün ölkəsi üçün prioritetlərdən biri dünya bazarlarına enerji daşıyıcılarının diversifikasiyasıdır.

 

“Razılaşmalar nəticəsində Azərbaycan üzərindən Qazaxıstan neftinin ilk partiyası ötürülüb. Növbəti addım tədarük həcmlərini artırmaq, bunun davamlı və sabit olmasına nail olmaqdır”, - deyə Tokayev bildirib.

 

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

 

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. 

 

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

 

"Reuters" agentliyi özəl mənbələrə istinadən yazıb ki, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib. Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI