Azərbaycan və Qazaxıstan neftin nəqli üzrə birgə operator yaratmaq istəyir.
Modern.az xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini, ticarət naziri Serik Jumanqarin bildirib.
Jumanqarinin sözlərinə görə, hazırda tərəflər daşımalarda yaranan problemlərin aradan qaldırılması üçün yol xəritəsinin yaradılması üzərində işləyirlər.
“Dünən bu tranzit marşrutu üzrə vahid operator olacaq, keçid tarifi ilə, ucuz tranzit imkanları və innovativ texnologiyalardan istifadə edən birgə operatorun yaradılması məsələsi müzakirə olunub”, - deyə baş nazirin müavini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Qazaxıstana neft tranziti barədə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə yanaşı digər marşrutlar da təklif edir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
Ötən həftə "Reuters" agentliyinin mənbələri Azərbaycanın Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif etdiyini bildirib.