Rusiya-Ukrayna müharibəsi fonunda Avropa Rusiya qazından imtina etməyə və alternativ mənbələr axtarmağa başlayıb. Rəsmi məlumata görə, ötən il Rusiya Avropaya 61 milyard kubmetr qaz tədarük edib. Müqayisə üçün bildirək ki, 2021-ci ildə "Qazprom"un Avropa İttifaqına tədarükü 146 milyard kubmetr təşkil edib.
Ekspertlərin fikrincə, "Qazprom"un Avropaya ixracı bundan sonrakı ildə 20-30 milyard kubmetrədək aşağı düşə bilər. Tədarük edilən qazın həcminin azalması Rusiyanın ixrac gəlirlərinin, dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır.
Bu baxımdan Cənubi Qafqazın lideri statusunda çıxış edən Azərbaycan əsas istiqamətlərdən birinə çevrilib. Müharibənin başlamasından sonra Azərbaycanın Avropa ölkələrinə qaz tədarükündə artım müşahidə edilib. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2% artıb, bu da illik müqayisədə 17,4% çoxdur. Azərbaycandan ötən il Avropaya 9,3 milyard kubmetr qaz ixrac olunub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz tədarük edib və artıq bu il həcmi 12 milyard kubmetrə çatdırmaq niyyətindədir.
Qeyd edək ki, mövcud yataqlarda hasilatın artması hesabına qaz hasilatı və ixracının həcmi artacaq. Yaxın illərdə yeni yataqlarda hasilat gözlənilir. Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı haqqında Memoranduma uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan qazının Aİ bazarına tədarükünün iki dəfə artırılması planlaşdırılır.
Hazırda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, bu ildən isə Rumıniyaya ixrac edilir. 2023-cü ilin sonuna qədər birləşdirici boru kəmərləri istifadəyə verildikdə qazın Macarıstan və Slovakiyaya çatdırılması həyata keçiriləcək. Ümumilikdə, qaz tədarük edilən ölkələrin sayının 10-a çatdırılması gözlənilir.
Prezident İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində deyib ki, Avropa ilə bir çox layihələr var: "Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.
Ümumilikdə Azərbaycanın Avropanın qaz bazarında yeri necədir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a bildirib ki, Azərbaycan hazırda Avropa Birliyinin ən etibarlı enerji tərəfdaşlarından biridir:
“Son bir neçə il ərzində enerji təchizatında payımızı 5 faizdən 7 faizə artırmışıq. Göstəricilərin 2026-cı ilə qədər daha da artması planlaşdırılır. Təbii ki, daha çox qaz ixrac etmək üçün daha çox infrastruktura ehtiyac var. Əslində bizim qaz ehtiyatlarımız kifayət qədərdir. Amma infrastrukturun inkişafı, boruların buraxılış qabiliyyəti, eyni zamanda Avropa Birliyinə üzv ölkələr arasında interkonnektorların buraxılış qabiliyyəti Azərbaycan qazının daha çox ölkəyə ixracına imkan verəcək. Siyasi, iqtisadi cəhətdən etibarlı tərəfdaşlıq mövcuddur. Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişafı cənab Prezidentin geoiqtisadi siyasətinin mühüm istiqamətindən biridir. Bu baxımdan onun Bolqarıstana səfəri və mühüm memorandum imzalanması Azərbaycan qazının artıq 6 ölkədən 10 ölkəyə qədər ixrac olunmasına imkan yaradacaq”.
Deputat qeyd edib ki, əldə etdiyimiz nəticələr qaz ixrac etdiyimiz coğrafiyanın genişlənməsinə, daha çox gəlir əldə etməyimizə imkan yaradacaq:
"Azərbaycan məhsulunun xarici bazara ixracına, daha çox valyuta əldə etməsinə, vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına imkan yaradacaq. Qaz ixracı ilə yanaşı, Azərbaycan elektrik enerjisi, hidrogen ixrac etmək potensialına malikdir. Bu istiqamətdə iqtisadi əlaqələrin möhkəmlənməsi Balkan ölkələri və Azərbaycan arasında infrastrukturun inkişafına təkan verəcək. Beləliklə, Azərbaycan gələcəkdə qazla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə və Xəzər dənizində yaşıl enerjini daha çox ixrac edib, daha böyük gəlir əldə etmək imkanına sahib olacaq”.
Komitə sədrinin sözlərinə görə, əlaqələrin gücləndirilməsi Azərbaycanın nüfuzunu daha da yüksəldir:
"Azərbaycan Prezidenti və dövlətinin apardığı uzunmüddətli etibarlı tərəfdaşlıq siyasəti Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını gündən-günə artırır. Cənab Prezidentin Avropaya səfəri zamanı bir neçə ölkənin iştirakı ilə tərəfdaşlıq müqavilələri imzalanıb. Bu cür əlaqələrin genişlənməsi Azərbaycanın nüfuzunu daha da artırır. Eyni zamanda Azərbaycan müttəfiqlərinin sayını daha da artırır. Bununla belə, ölkəmizə qarşı qarayaxma kampaniyaları davam edir. Azərbaycanın müstəqilliyini və suverenliyini qəbul etmək istəməyən qüvvələr hələ də var. Bu qüvvələrlə mübarizə aparmaq üçün açıq müttəfiqlərə sahib olmaqla yanaşı, həqiqətlərin daha çox çatdırılması üçün platforma qurulmalıdır. Azərbaycan bu platformanı uğurla qurur. Biz istənilən platformadan Azərbaycanın haqq səsini çatdırmaq imkanı əldə edirik ki, bu da bütövlükdə Azərbaycan xalqının və dövlətinin daha təhlükəsiz və rifah halında yaşamasına xidmət edir”.
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, cənab Prezidentin Bolqarıstan səfəri Şərqi Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsinə xidmət edir:
“Cənab Prezidentin Bolqarıstanın paytaxtına səfəri Azərbaycanın qaz ixracının şaxələndirilməsinə, eyni zamanda Şərqi Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsinə xidmət edir. Azərbaycanın mövcud qaz ehtiyatları, eyni zamanda 2023-cü il üzrə 24 milyar kub metrdən artıq ixracın planlaşdırılması imkan verir ki, Avropaya, xüsusilə də Şərqi Avropaya qaz ixracı şaxələnsin", - o qeyd edir.
Ekspertin fikrincə, Şərqi Avropa ölkələrinin coğrafi yerləşməsinə baxdıqda, Yunanıstan, Bolqarıstan, Rumınya, Macarıstan və Slovakiya qazdan istifadə edə biləcəklər: "Burada həm daxili interkonnektorlar var, həm də Sovet dövrünün sonlarına yaxın oraya çəkilmiş qaz şəbəkəsi mövcuddur. O şəbəkə üzrə qaz qeyd etdiyim dörd ölkəyə də əlavə olaraq çatdıracaq. Nəticədə 10 Avropa ölkəsi birbaşa Azərbaycan qazından istifadə edəcək. Bu da Azərbaycana təkcə iqtisadi maliyyə dividentləri gətirməyəcək, eyni zamanda Azərbaycanın Şərqi Avropada mövqeyinin möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlığı yüksəldəcək”.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığı ölkəmizə inamı getdikcə artırır:
"Elə bunun nəticəsidir ki, artıq əksər Avropa ölkələri ilə münasibətlərimiz dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin təbirincə desək, artıq Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Bu baxımdan ölkəmizin strateji tərəfdaşı olan Bolqarıstanla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 25-də dost ölkəyə növbəti səfərinin əhəmiyyəti isə daha böyükdür. Elə səfər çərçivəsində Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstan FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında “Əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması da bunu təsdiqləyir.
Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçirilməlidir.
Anlaşma Memorandumu regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün yeni imkanlar çıxarır və bu məsələdə ölkəmizlə Avropa İttifaqı arasında enerji əməkdaşlığını yeni müstəviyə keçirir", - İlham Şaban deyir.
Hansı Avropa ölkələri bizdən qaz almaq istəyir?
"Qazımızın alıcısı olan 4 ölkəni dedik. Bu siyahıya Macarıstan və Slovakiya da qoşulmaqla onların sayı 6-ya çatacaq. Daha sonra Azərbaycanın genişləndirilmiş Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına çıxardığı qazdan Albaniya da yararlanmaq istədiyini ortaya qoyub. Bundan əlavə Serbiya, Xorvatiya və Sloveniya hökumətləri də Azərbaycandan qaz idxalı hesabına özlərinin enerji təhlükəsizliklərini artırmaq istədiklərini açıqlayıblar. Bu yöndə yeni infrastrukturun yaradılması ilə bağlı addım bu ilin fevralında atılıb: Serbiya-Bolqarıstan interkonnektorunun tikintisi başlayıb. Bütün bunlar gerçəkləşsə, Azərbaycan qazının idxalçılarının sayı 9 olacaq. Amma qaz alıcılarımız siyahısında növbə bitməyib axı. Moldova və Bosniya Hersoqovina kimi ölkələr də var", - ekspert suala cavabında deyir.
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc olunub.