Azərbaycan Mərkəzi Bankı “Günay Bank”ın ləğv edilməsi haqda qərar verib. Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” qanuna əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
"Günay Bank"ın ləğvi bank sektorundakı real vəziyyəti gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, "Günay Bank"dan sonra bir neçə bankın eyni aqibəti yaşaması qaçılmaz olacaq. Bankların bağlanması xəbəri orada çalışan personalla yanaşı, əmanət sahiblərini də ciddi narahat edir. Bundan öncə əmanətçilərin banklara qoyduqları vəsaitləri geri ala bilməməsi təcrübəsi "Günay Bank"a pul yatıran insanlar arasında təşvişə səbəb olub.
Bəs əmanətlərin aqibəti necə olacaq? Daha hansı banklar bağlana bilər?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynzadə Modern.az-a bildirib ki, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən bankların lisenziyasının əlindən alınması düzgün qərardır:
“Kommersiya bankları əmanətçilər qarşısında öz öhdəliyini yerinə yetirə bilmirsə, onların lisenziyası ləğv edilməlidir. Bu mənada deyə bilərəm ki, Mərkəzi Bankın qərarı düzgündür. Əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən bankların lisenziyasının əlindən alınmaması problemin daha da dərinlənşməsinə səbəb olur. Vaxtında tədbirlər görülməlidir”.
Deputat əmanətçilərin vəsaitlərini geri almaqda çətinliklə üzləşməyəcəyini bildirib:
““Günay Bank”ın nizamnamə kapitalının, əmanətçilərin vəsaitlərinin həcmi ilə bağlı məlumatım yoxdur. Ancaq bununla belə əmanətlərin sığortalanmış hissəsi olur. Həmin hissə dövlət tərəfindən ödənilir. Digər hissənin ödənilməsi üçün bankın əmlakları və digər aktivləri satılır. Bunun müqabilində əmanətçilərin pulları ödənilir”.
Bundan əlavə, A.Hüseynov bank sektorunda sağlam rəqabətin olduğunu düşünür:
“Bank sistemində sağlamlaşma prosesi həyata keçirilir. Bütün bu işlər dövlətin dəstəyi sayəsində mümkün olur. İndiyədək nə qədər bankın lisenziyası alındı. Əmanətlər dövlət hesabına ödənildi. Digər tərəfdən bankların fəaliyyətini gücləndirmək üçün həm pandemiya, həm də ondan sonrakı dövrdə, eyni zamanda devalvasiya zamanı dövlət tərəfindən çox böyük dəstək verildi. İndi azad rəqabət mühiti var. Məhz sağlam rəqabət mühitində elə banklar var ki, dözüm gətirə bilmir. Dözüm gətirə bilməyən bankların lisenziyaları ləğv edilir. Bu proses mütəmadi davam edə bilər. Öz rəqabətliliyini, dayanıqlılığını saxlaya bilməyən bankların təbii olaraq lisenziyası əlindən alına bilər, eyni zamanda başqa tədbirlər görülə bilər”.
İqtisadçı ekspert Pərviz Heydərov isə Modern.az-a açıqlamasında vurğulayıb ki, Mərkəzi Bank tələbləri yerinə yetirə bilməyən bankların ləğvində maraqlı deyil:
“Bu, Mərkəzi Bankın həyata keçirdiyi siyasətə cavab vermir. Lakin "Günay Bank"la bağlı vəziyyət Mərkəzi Bank tərəfindən elə səviyyədə qiymətləndirilib ki, müvafiq dəstək göstərməklə sağlamlaşdırılma mümkün sayılmır. Ona görə də lisenziyası ləğv edilib. Ancaq bunun ardıcıl xarakter daşıyacağını gözləməyə dəyməz. Banklarda pul həcmi, yəni likvidlik müsbət səviyyədədir. Sadəcə olaraq banklar ölkə iqtisadiyyatının, sahibkarlığın tezləşdirilməsi məsələsində hələ də əvvəlki kimi gözləmə mövqeyində dayanıb. Ən çox istehlak kreditlərinə meyil edirlər. Onların kreditləşdirilmə siyasətində risksizlik səviyyəsi əvvəlki kimi yüksək olaraq qalmaqdadır. İndi banklar əsasən kredit vəsaitlərini özlərinin cəlb etdiyi əmanətlər hesabına, Mərkəzi Bankdan müvafiq kredit resursları hesabına təmin edir. Kredit resursları o qədər də ucuz deyil. Əhalidən cəlb etdikləri əmanətlər banklara daha çox fayda gətirir. Çünki xarici maliyyə qruplarından resurslar cəlb etmək hər bankın işi deyil. Mərkəzi Bankın da resurslarına çıxış asan olmur. Əmanətlərdən gəlir üzrə verginin 7 ildən sonra bərpası nəticəsində əmanət həcminin artımında durğunluq yaranıb. Banklarda likvidlik səviyyəsinin qənaətbəxş olduğunu demək mümkündür, ancaq kreditlərin verilməsində risk səviyyəsi yüksək olduğundan hazırda bank sektorundakı vəziyyəti ölkə iqtisadiyyatının inkişafı baxımından qənaətbəxş hesab etmək olmaz”.
P.Heydərov bağlanan banklardakı əmanətlərin yaxın günlərdə qaytarılacağını qeyd edib:
“Əmanətlərin qaytarılmasında heç bir təhlükə mövcud deyil. Bir şərtlə ki, vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilən faiz çərçivəsində yerləşdirilmiş olsun. Bu göstərici manat üzrə 12 faiz, dollar üzrə isə 2,5 faizdir. 100 min manata qədər əmanətlər sığortalanır. Böyüklüyündən, ya da kiçikliyindən asılı olmayaraq bu şərtlər əsasında əmanət yerləşdirən vətəndaşların vəsaiti geri qaytarılır. "Günaybank"da vəsaiti olanlar da pullarını yaxın vaxtlarda alacaqlar”.