Modern.az

Tanınmış ekspertin “Günay Bank”dakı pulları “batdı”

Tanınmış ekspertin “Günay Bank”dakı pulları “batdı”

İqtisadiyyat

17 May 2023, 13:38

Bu gün Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib. 

 

Modern.az xəbər verir ki, bu haqda "Facebook" hesabında paylaşım edən iqtisadçı ekspert Samir İsmayıl sözügedən bankda 1950 manat vəsaitinin dondurulduğunu bildirib.

 

"Hüquqi şəxs cari hesabımızda olan 1950 AZN donduruldu. Batdı desək, daha doğru olar…”, - o yazıb.

 

Ekspert qeyd edib ki, əvvəlki illərdə də oxşar təcrübə yaşanıb: “Ötən illərdə ləğv olunan (ATA, AG, NBC, Standard, Dəmir, Amrah) banklarda hüquqi şəxslərin 100 milyonlarla AZN vəsaiti batdı. Üstündən 3 il vaxt keçib, Əmanətlərin Sığortalanması Fondu bu pulların adını çəkmir.

 

Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşırılır”.

 

İqtisadçı bildirib ki, hüquqi şəxsin hesabında vəsait varsa, bu, hələ həmin hüquqi şəxsin vəsaiti olduğu anlamına gəlmir: “Həmin vəsaitin çoxsaylı təyinatları var. Əgər hüquqi şəxsin hesabında olan vəsait lisenziyası ləğv olunan bankda batırsa, həmin hüquqi şəxs öz öhdəliklərini 3-cü tərəf qarşısında necə yerinə yetirsin?”

 

Samir İsmayıl əlavə edib ki, 2020-ci ildə bağlanan banklarda 5500 AZN vəsaiti qalıb: “Məktub yazmışıq, onlar cavab olaraq bildiriblər ki, hələ Himayəçilər Şurasının hesabında olan vəsaitlərin verilməsinə baxılmır. Öncə əmanətlər, vergilər və s. ödənilir. Elə şirkət var ki, Standard Bankda 72 mln vəsaiti qalıb”.

 

Qeyd edək ki, qanuna əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI