Modern.az

İpoteka kreditləri ilə bağlı qərar yeni deyil - EKSPERT

İpoteka kreditləri ilə bağlı qərar yeni deyil - EKSPERT

24 May 2023, 14:44

Ötən gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında ipoteka kreditləri ilə bağlı qərar verilib. Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 

 

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər", - qərarda bildirilir.

 

Konstitusiya Məhkəməsinin qərarı ictimaiyyət arasında çaşqınlıq yaradıb və bəzi vətəndaşlar tərəfindən tənqidlə qarşılanıb.

 

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən sözügedən qərarı Modern.az-a şərh edib. 

 

Ekspert hesab edir ki, vətəndaş evini, mənzilini, torpağını girov qoyduğu halda ipotekanı ödəmədən vəfat edərsə, vərəsələr qəbul etdikləri miras həddində əmlak borcunu ödəməlidir.

 

 

“Fikrimcə, bu məsələ ilə bağlı məlumat ictimaiyyətə düzgün şəkildə çatdırılmayıb. Burada söhbət yalnız ipoteka kreditindən getmir. İpoteka krediti odur ki, şəxs kreditlə aldığı evi girov qoyur. Bu kreditlər bir qayda olaraq İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə götürülür. Burada şəxsin həyat sığortası tələb olunur. Əgər şəxsin həyat sığortası varsa, sığorta şirkəti qalan borcu ödəyir. Konstitusiya Məhkəməsinin qərarına ümumiyyətlə ipotekadan danışılır. İpoteka daşınmaz əmlakın girovu deməkdir. Fərqi yoxdur, siz krediti nə səbəblə götürürsünüz. Əgər şəxs evini, mənzilini, torpağını girov qoyduğu halda ipotekanı ödəmədən vəfat edirsə, əmlak vərəsələrinə keçdiyi halda vərəsələr qəbul etdikləri miras həddində əmlak borcunu ödəməlidir", - o vurğulayıb.

 

Ekspert qərarı nümunə ilə belə izah edib: "Məsələn, ölən şəxsin borcu 100 mindirsə və məbləğin 50 mini ödənilibsə, qalan 50 mini vərəsələr ödəməlidir. Çünki hər kəs öhdəliklərinə görə əmlakı həddində məsuliyyət daşıyır. Əgər həmin şəxs ölməsəydi və borcunu da ödəyə bilməsəydi, nə baş verəcəkdi? Bank həmin şəxsi məhkəməyə verərək əmlakını əlindən alacaqdı. Burada da eyni hal tətbiq olunur. Bu qayda bütün dünyada belədir. Bu, yeni qərar deyil. Sadəcə Konstitusiya Məhkəməsi qərara aydınlıq gətirib".

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir