Modern.az

Avtomobil sahibləri əlavə haqq ödəməli olacaq

Avtomobil sahibləri əlavə haqq ödəməli olacaq

İqtisadiyyat

1 İyun 2023, 11:10

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək. Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək. Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

 

Qanun qəbul ediləcəyi halda yeni prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir