Modern.az

Büdcəyə dəyişiklik layihəsi qəbul edildi - YENİLƏNİB

Büdcəyə dəyişiklik layihəsi qəbul edildi - YENİLƏNİB

6 İyun 2023, 12:22

Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

 

Komitə sədri büdcəyə yenidən baxılmasının səbəblərini açıqlayıb: “İşğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb”.

 

Daha sonra maliyyə naziri Samir Şərifov büdcəyə dəyişiklik layihəsi barədə təqdimatla çıxış edib. Bildirib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır.

 

Onun sözlərinə görə, qanun layihəsində 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır: “Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür. Yeni büdcənin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiqlənmiş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur. 1 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 000 milyon manat artırılması nəzərdə tutulur". 

 

"Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək. Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır. Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır. İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud sənəddə bu, 50 dollardır. Bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək”, - deyə nazir əlavə edib.

 

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bu xəbər ilə bağlı
Milli Məclisin iclası başladı - Nazirlər də iştirak edir
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır