Modern.az

“AccessBank”ın yeni kampaniyası əmanətçiləri narazı saldı

“AccessBank”ın yeni kampaniyası əmanətçiləri narazı saldı

8 İyun 2023, 14:40

“AccessBank”ın yeni müştərilər cəlb etmək üçün əmanətçilərə yüksək faiz vəd etməsi birmənalı qarşılanmayıb. Bankda vəsaiti olan keçmiş əmanətçilər yeni təklif paketinin onlara şamil olunmadığını deyərək, narazılıqlarını dilə gətiriblər. Şikayətçi müştərilər “AccessBank”ın bu addımını ayrı-seçkilik kimi qiymətləndirib, vəsaitlərini geri götürmək barədə düşündüklərini diqqətə çatdırıblar. 

 

 

 

Modern.az məsələ ilə bağlı  “AccessBank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Sərvinaz Ələkbərova ilə əlaqə saxlayıb. O, bankın müxtəlif kampaniyalar həyata keçirdiyini deyib.

 

“Bankın hər dəfə yeni kampaniyaları ola bilər. Bu zaman əvvəlcədən əmanət yatıran müştəri yeni hesab olunmur. Əgər şəxs ilk dəfə gəlib banka müraciət edirsə, hesab açırsa, bu, artıq yeni müştəri sayılır. Şəxs müraciət edən zaman hansı şərtlər mövcuddursa, həmin şərtlər daxilində ona xidmət göstərilir. Yeni müştərilərimizə yeni şərtlər avtomatik şamil olunur”, - deyə məktbuat katibi bildirib.

 

Sərvinaz Ələkbərova vurğulayıb ki, hər bir bank yeni kampaniyalar və xidmətlər təklif edə bilər:

 

“Bütün banklarda belədir. Yeni tətbiq edilən kampaniyalar yalnız köhnə müştərilərə və yeni müştərilərə, yaxud ümumilikdə, hər kəsə şamil oluna bilər. Hər şey kampaniyanın şərtlərinə uyğun həyata keçirilir. Biz mayın 31-də kampaniyanı bitirdik. Hazırda müddətli əmanətdə faizlər standart olaraq müddət sonunda 9, aylıq isə 8.5%-dir”.

 

 

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə deyib ki, bankın kimləri güzəşt kampaniyasına cəlb etməsi onun hüququdur:

 

“Köhnə əmanətlər və yeni əmanətlər barəsində fərqli prosedurlar müəyyənləşdirilə bilər. Bu, sərbəst bazar iqtisadiyyatıdır. Tutaq ki, mən hansısa məhsulu dünən başqa, bu gün başqa qiymətə satıram. Bu o demək deyil ki, dünənki müştərilərim buna görə məndən narazı olmalıdır”.

 

Ə.Həsənov qeyd edib ki, köhnə müştərilər də yeni əmanətlər qoya bilərlər:

 

“Burada heç bir problem yoxdur. Tutaq ki, "AccessBank" köhnə əmanətləri 10 faizlə qəbul edirdisə, yeniləri 12 faizlə qəbul edəcək. Köhnə əmanətçiyə mane olan nəsə yoxdur. Yəni şəxslər köhnə əmanətlərini çıxara bilərlər. Beləliklə, yeni faizlə banka əmanət qoya bilərlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər