Son günlər dünya bazarında Azərbaycan neftinin, eləcə də "Brent" markalı neftin qiymətində artım müşahidə olunur. Artım xüsusilə OPEC+ qrupunun toplantısından sonra qeydə alınıb
Belə ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub.
Azərbaycanın da dəstək verdiyi razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.
Hazırda "Brent" neftin qiyməti 75 dollar ətrafındadır. Ancaq bəzi ekspertlər artımların davamlı olmayacağını düşünür.
Neft qiymətlərinin artımı ilin sonuna kimi davam edəcəkmi? Bunun Azərbaycan iqtisadiyyatına təsiri necə təzahür edəcək?
Məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban neftin orta qiymətinin 80 dollardan aşağı düşəcəyini düşünmədiyini bildirib:
“May ayının ikisindən bu günə qədər olan müddəti nəzərə alsaq, neft qiymətlərindəki stabilliyi müşahidə edə bilərik. Qiymətlər arada 77-dən yuxarı qalxır, bəzən də 71-ə enir. Ancaq orta qiymət 75 dollardır. İlin ikinci yarısından neft qiymətləri 80 dollar, hətta 80 dolları aşan həddədir. Ancaq bu dördüncü rübdən müşahidə olunmalıdır. Neftə olan tələbat səbəbindən bu belədir. Ancaq hələki qiymət stabildir. İlin ilk 4 ayının nəticələri ümidvericidir. 4 ayın nəticələrinə görə Brent neftin orta qiyməti 83 dollar olub. Düşünmürəm ki, ilin birinci rübündə neftin orta qiyməti 80 dollardan aşağı həddə olsun. Bu da indiki dövr üçün çox yaxşı qiymətdir. Həm istehsalçıları, həm də istehlakçıları qane edəcək qiymətdir”.
Neft qiymətlərinin artmasının Azərbaycana təsirini ekspert belə izah edir:
“Azərbaycanda son üç ildir ki, neftin həcmləri çox böyük templə azalır.Ötən il BP Azərbaycanda neft hasilatı 2 milyon tona yaxın azalıb. Yüksək neft qiymətləri bunun ölkə iqtisadiyyatına mənfi təsirlərini kompensasiya edir. Cari ildə də qiymət artımı eyni rolu oyanayacaq. Ona görə də, ancaq gələn ildən Azəri-Çıraq-Günəşli yataqlarında yeni platformanın istifadəyə verilməsi ilə əlaqədar olaraq hasilatın aşağı düşmə tempi bir qədər səngiyəcək. İstənilən halda bundan sonra bizdə neft hasilatı azalmağa doğru gedəcək. Çünki yataqlarımız köhnədir”.
İlham Şaban iqtisadiyyatın digər sektorlarından gəlirlərimizi, qazanclarımızı artırmalı olduğumuzu düşünür:
“Yüksək rəqabətli bazar şəraitində şirkətlərimiz, bizneslərimiz fəaliyyət göstərməyə adət etməlidirlər. Bu, neftin yox olduğu zamanda Azərbaycan və onun iqtisadiyyatına mənfi təzahürlərin qarşısının alınması üçün yeganə yoldur. Məsələn biz çalışmalıyıq ki, istehsal etdiyimiz pomidorun 95 faizi yalnız Rusiyada satılmasın. Biz pomidoru sağlamlığa ziyan vurmayacaq qədər gübrə verməklə, qlobal bazarda sata bilək. Bunu mən misal olaraq deyirəm. Bütün sahələr üzrə istehsalçılar istər Amerika, istərsə də başqa ölkələrdə kiçik də olsa, çalışıb piştaxta açsın. Hər bir piştaxta sonradan böyüyüb bazara çevrilir. Bu isə Azərbaycanın ixracatının artmasına səbəb olacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, neft qiymətlərində enmələr ola bilər:
“Neft qiymətləri kifayət qədər dalğalıdır. Son zamanlar artımlar da, azalmalar da var. Hələlik neft qiymətləri 75 dollar civarındadır. Neft qiymətlərinin hansı dinamika üzrə inkişafı bir sıra addımlardan asılı olacaq. Əgər dünyada gözlənilən ressesiya, yəni iqtisadi daralma daha dərin olarsa, Amerika, Avropanın, yaxud Çinin artım templəri gözləntiləri qarşılamasa, neft qiymətlərində yenidən enmələr müşahidə oluna bilər. Ümumilikdə ilin sonuna qədər neftin qiymətinin təqribən 75-85 dollar civarında olması ehtimalı yüksəkdir”.
Natiq Cəfərli neft qiymətinin artmasının Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayır:
“Neftin qiyməti nə qədər yüksək olsa, Azərbaycana bir o qədər xeyirdir. Çünki hər bir dollar qiymət artımı Azərbaycan üçün bir günə qazancdan əlavə 300-350 min dollar əlavə gəlir gətirir. Qiymət 10 dollar olacaqsa, bu gündə 3 milyon yarım dollar edəcək. Bu, kifayət qədər ciddi rəqəmdir. Bu, Azərbaycan büdcəsinə olduqca xeyirlidir”.