Modern.az

Azərbaycanda inflyasiya proqnozları nə qədər realdır - Ekspertlərdən fərqli fikirlər

Azərbaycanda inflyasiya proqnozları nə qədər realdır - Ekspertlərdən fərqli fikirlər

İqtisadiyyat

16 İyun 2023, 16:00

Bir neçə gün əvvəl Milli Məclisin iclasında Mərkəzi Bankın inflyasiya ilə bağlı proqnozu müzakirələrə səbəb olub. Deputat Əli Məsimli Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmadıqlarını deyib. "Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmırıq ki, Azərbaycanda göstəricilər orta dünya, inkişaf etmiş ölkələrin, MDB-nin göstəricilərindən yüksəkdir. Azərbaycanda bank sistemi komfort yaradıb. Banklar yüksək faizlərdən, depozitlərin faizlərindən, nağdlaşdırma zamanı komissiyalardan qazanır", - o deyib.

 

Mərkəzi Bankın sədri Taleh Kazımov isə deputatın iradlarının əsassız olduğunu söyləyib. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən səsləndirilən fikirlər tam faktlara əsaslanır: "Amma burada qeyd olunan və bizə bildirilən məlumatlar sadəcə fərziyyədir. Biz statistikaya əsaslanıb məlumat bildiririk. Biz göstəricilərimizi hansı ölkə ilə müqayisə edirik? Xahiş edirəm digər ölkələrin inflyasiya dərəcələrinə baxın".

 

Qeyd edək ki, Mərkəzi Bank bu il inflyasiyanın 8,3% olacağını bildirib. İqtisadiyyat Nazirliyi isə bu il orta illik inflyasiyanın 10,4 % olacağını proqnozlaşdırıb.

 

Həqiqətən, bu il Azərbaycanda inflyasiya nə qədər ola bilər?

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov Mərkəzi Bank rəhbərinin inflyasiya ilə bağlı verdiyi proqnozun daha həqiqətə uyğun olduğunu söyləyib. 

 

"Hesab edirəm ki, istənilən halda inflyasiya göstəricisi ilə bağlı proqnoz vermə müasir araşdırma, monitorinq, ətraflı təhlil, eyni zamanda ölkədən kənar şəraitdə baş verən və baş verə biləcək proseslərin təhlilini tələb edir. Fikrimcə, Mərkəzi Bankın əlində inflyasiya ilə bağlı monitorinq aparmaq, ətraflı təhlil etmək və qeyd etdiyim digər istiqamətlərdə geniş analiz etmək imkanları daha çoxdur. Ayrı-ayrı iqtisadçıların əlində isə çox bəsit təhlil üsulları vardır. Bu səbəblə bildirmək olar ki, Mərkəzi Bankın bu mənada verdiyi proqnoz daha dolğun və həqiqətə uyğundur, nəinki bu və ya digər iqtisadçıların söylədikləri. Məsələn iqtisadçılardan biri 14, yaxud 15 faiz civarında inflyasiyanın olacağı ilə bağlı hər hansı fikir söylədikdə, həmin şəxsdən bu fikri nəyə əsasən söylədiyini öyrənmək lazımdır. Çünki hazırda ölkədən kənarda yerləşən qlobal bazarda da inflyasiya prosesləri zəifləyir və enerji daşıyıcılarının qiymətləri əvvəlki kimi yüksək səviyyədə deyil", - ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, ərzaq bazarında qiymətlər nisbətən stabil xarakter daşıyır:

 

"Bundan əvvəl ölkəmizdə də inflyasiya təklifləri nisbətən zəifləmişdir. Görünən odur ki, ilin ikinci yarısında yəni qalan 6 ayda da ciddi dəyişikliklər baş verməyəcək. Buna görə də, məsələni ətraflı təhlil etdikdə Mərkəzi Bankın irəli sürdüyü proqnozun daha çox həqiqətə uyğun olduğunu görmək olar", - Pərviz Heydərov deyib.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə Mərkəzi Bankın rəhbəri ilə razılaşmadığını və inflyasiyanın 2 rəqəmli ədədlə ifadə olunmasının gözlənildiyini bildirib. 


“Taleh Kazımov 8 faiz ətrafında bir rəqəm səsləndirib. Amma mən hesab edirəm ki, bu gedişlə inflyasiyanın səviyyəsi daha yüksək olacaq. Yəni hazırda ən azı 2 rəqəmli ədədlə ifadə olunan inflyasiya gözləntisi var. Bütün göstəricilər bunu deməyə əsas verir. Eyni zamanda arxada qalan 5 ayın göstəriciləri də bunu təsdiqləyir ki, qarşıdakı 7 ayda da təxminən eyni proses davam edəcəkdir. Bu baxımdan mən də, Taleh Kazımovla razılaşmayan iqtisadçılarla razıyam”.

 

Ekspert düşünür ki, inflyasiya ötən ildən də yüksək olacaq.

 

"Amma digər tərəfdən “niyətin hara, mənzilin ora” kimi bir məsələ də var. Hazırda Taleh Kazımovun hədəflədiyi odur ki, ilin sonuna kimi inflaysiya 8 faiz olacaq. Onun bəlkə də hansısa makroiqtisadi tədbirləri, həyata keçirəcək hər hansı proqramları var ki, inflyasiyanın qarşısını alacaq. Bu halda biz onu alqışlayırıq. Arzu edirik ki, təki inflyasiya Taleh Kazımovun proqnozlaşdırdığından da bir neçə faiz aşağı olsun. Mən bu baxımdan onun hədəflərini də alqışlayıram. Amma eyni zamanda reallıq onu göstərir ki, başqa fövqalədə hadisə baş verməsə, başqa genişmiqayaslı islahat həyata keçirilməsə inflyasiya ikirəqəmli ədədlərlə ifadə ediləcəkdir. Hətta mən deyərdim ki, ötən ildən də bir qədər yüksək olacaq".

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi