2023-cü ilin I rübündə borcalanların təminatının keyfiyyəti və bu təminatların reallaşması, maliyyələşmə dəyəri, habelə, iri kreditorların maliyyə vəziyyətinə dair risk faktorları biznes kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” barədə açıqlamasında bildirilib. Qeyd edilib ki, banklarla rəqabət, o cümlədən, ümumi iqtisadi faktorlar standartlara yumşaldıcı təsir göstərsə də, uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir edib.
“Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə olub”- deyə, AMB-nin sorğusunda deyilir.
2023-cü ilin I rübündə KOS subyektləri üzrə kreditlərin verilmə standartlarında əsasən yumşalmaların səngiməsi müşahidə edilib. Cari ilin ilk rübündə ümumi iqtisadi gözləntilər və banklarla rəqabət KOS subyekləri üzrə kreditlərin verilmə standartlarına yumşaldıcı, təminatın keyfiyyəti və reallaşması, həmçinin inflyasiya və uçot dərəcəsi gözləntiləri sərtləşdirici təsir göstərib. Sorğu nəticələrinə əsasən KOS subyekləri üzrə verilən biznes kreditləri şərtlərində banklar əksər komponentlər üzrə sərtləşməyə gedib və ya yumşaltma tempini zəiflədiblər.