Bir neçə gün əvvəl Milli Məclisin komitə iclası zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki bank faizlərindən danışıb. O, Azərbaycanda hüquqi və fiziki şəxslər üzrə kredit faizinin qonşu ölkələrdən aşağı olduğunu söyləyib.
“Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6%-dir. Azərbaycanda isə bu rəqəm hüquqi şəxslər üçün 10,1%, fiziki şəxslər üçün isə 16,1 %-dir. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılmasını isə biz məqbul hesab etmirik”, - deyə baş bankir bildirib.
Onun çıxışı bəzi ekspertlər və sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Qeyd olunur ki, Azərbaycanda çox yüksək faizlərlə kredit verən banklar mövcuddur. Xüsusilə istehlak kreditlərində tətbiq edilən faizlər əhali arasında narazılığa səbəb olub.
Mərkəzi Bankın sədrinin bank faizləri ilə bağlı sözləri nə qədər həqiqəti əks etdirir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev postsovet məkanına nəzərən Azərbaycanda kredit faizlərinin orta səviyyədə olduğunu deyib.
“Hesab edirəm ki, postsovet məkanına baxdıqda bizdə kredit faizləri orta səviyyədədir. Mərkəzi Bank sədrinin çıxışına əsasən, mikro və kiçik sahibkarlar üçün xüsusi proqramlar hazırlanacaq, onlar nisbətən ucuz faizlərlə və böyük bir qismi dövlət təminatı ilə kreditlər ala biləcəklər. Bu, əsasən qida məhsulları və kənd təsərüfatı məhsullarına aiddir. Qaldı ki, ümumi bank faizlərinə, uçot dərəcəsinin qalxması pulun, yəni Azərbaycan manatının qiymətinin qalxması deməkdir. Bu, inflyasiya ilə mübarizənin birinci qlobal üsuludur. Bütün Mərkəzi Banklar dünyada, o cümlədən Amerikada və Avropada eyni siyasətdən istifadə edilir. Uçot dərəcə qaldırılır ki, inflyasiya cilovlansın. Uçot dərəcəsinin qalxması o deməkdir ki, ümumiyyətlə kredit faizlərinin, ümumi faizlərin artımına meyillilik var. Bu tendensiyadır. Amma yenə də nəzərə alaq ki, bizim üçün bu gün daha böyük problem yaradan inflyasiya və onun normal formada tək rəqəmə salınmasıdır. Biz buna da nail olacağıq”.
Onun sözlərinə görə, inflyasiya ilə bağlı problem ilin sonuna qədər həll olunacaq.
“Həm Mərkəzi Bankın siyasətindən, həm də İqtisadiyyat Nazirliyinin atdığı addımlardan görünür ki, bu problemin həlli ilin axırına qədər həyata keçiriləcək. Müxtəlif rəqəmlər səsləndirilir. Hədəfin 4 faiz olduğu deyilir. Biz keçən ilki büdcəyə baxdıqda 6.9 faiz deyildiyini görə bilərik. Əgər bu rəqəmlər 6,8 faiz olarsa, bu, bizim üçün daha yaxşı göstəricidir. Çünki Avropanı və ABŞ-ı götürsək, onlarda təxminən 7,8 faiz inflyasiya olduğunu görə bilərik. Hətta iaşə və qida məhsulları biznesində inflyasiya 10 faizə qədər gəlib çıxır. Bununla bağlı dövlət tərəfindən bütün addımlar atılır. Bunun bütün dünyaya təsiri var. Problemi həll etsək, inflyasiya mən dediyim civarda, yəni 8 faiz civarında olarsa, bunu böyük uğur hesab etmək olar”.
Aytac Əsədova