Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış pul nişanlarını tədavülə buraxıb. Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal olunan pul nişanları investisiya üçün nəzərdə tutulub.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçirilir.
İlk dəfə tədavülə buraxılan bu pul nişanlarının üstünlüyü nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev bildirib ki, investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən satışına başlanılıb.
“Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi, Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir. Eyni zamanda investisiya məqsədli pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcək. Hazırda sözügedən pul nişanları bütün banklarda var”,- AMB rəsmisi deyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr buraxılması 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub:
“Həmin plana əsasən, icraçı orqanlardan biri kimi Mərkəzi Banka müvafiq tapşırıq verilib və AMB tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq həmin sikkələr cari ilin mayın 10-dan etibarən tədavülə buraxılıb. Yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanları artıq neçə müddətdir ki, satışdadır. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunur.
Bunlar yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılmış qızıl sikkələrdir. İnvestisiya məqsədli pul nişanları 1 troy unsiya (31,1 qram), 1/2 troy unsiya (15,55 qram), 1/4 troy unsiya (7,78 qram), 1/10 troy unsiya (3,11 qram) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir”.
A.Hüseynov qeyd edib ki, qızıl sikkələrin buraxılması Ulu Öndərə olan dərin ehtiramın nümunəsidir:
“Heydər Əliyev Azərbaycanın maliyyə-bank sisteminin təməlini qoyub, uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrilib. Azərbaycanda məzənnə sabitləşdirilib, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrilib. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanılıb. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub”.