1 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur. Belə ki, iyulun 27-də keçirilən valyuta hərracında banklar 32.5 milyon dollar alış həyata keçirib.
Beləliklə, dollara olan tələb 100 faizdən çox artıb. Bəs bunun səbəbi nədir və bu manat üçün təhlükə yaradacaqmı?
Modern.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov dollara olan tələbin kəskin artmasının səbəbi kimi bir sıra məqamları diqqətə çatdırıb.
"Bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır.
Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür", - o vurğulayıb.
İndiki situasiya məzənnə dəyişikliyi üçün zərurət yarada bilərmi?
Ekspert vurğulayıb ki, yuxarıda qeyd edilən amillər bir-iki aylıq dövrü əhatə edəcək, deməli dollara tələbin artım dinamikası davamlı olmayacaq:
"Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək".