Son günlər Rusiyanın milli valyutasında kəskin ucuzlaşma müşahidə edilir. Ötən həftə Moskva birjasında dolların məzənnəsi 100 rublu ötüb, avro və digər xarici valyutalarda da bahalaşma hiss edilir. Valyutanın sürətlə ucuzlaşmasından sonra Rusiya Mərkəzi Bankı (MB) uçot dərəcələrini 3,5 faiz bəndi artıraraq 12%-ə çatdırmağı qərara alıb.
Həftənin ilk günlərində rubl nisbətən dəyər qazansa da, ümumilikdə rus valyutasının zəiflədiyi müşahidə edilir. Mərkəzi Bank inflyasiyaya meylli risklərin güclənəcəyi təqdirdə uçot dərəcələrini yenidən artıra biləcəyini bildirib.
Rublun ucuzlaşmasının Rusiyadan Azərbaycana pul köçürmələrinə necə təsir edəcəyi son günlər ən çox müzakirə olunan mövzulardan biridir. 2023-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. 2023-cü ilin ilk rübündə Rusiyadan pul köçürmələri Azərbaycana ümumi köçürmələrin 69,2%-ni təşkil edib. Keçən ilin ilk rübündə isə bu rəqəm 41,5% idi.
Ümumilikdə 2022-ci ildə Rusiyadan Azərbaycana 3 milyard dollara yaxın pul köçürülüb. Bu, olduqca böyük rəqəmdir.
Beləliklə, rubl nə vaxta qədər ucuzlaşacaq? Bu ucuzlaşmaının Rusiyadan Azərbaycana edilən pul köçürmələrinə təsiri necə olacaq?
Məsələ ilə bağlı Modern.az-a danşışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, kəskin sanksiyalar Rusiya rublunun ciddi şəkildə ucuzlaşmasına səbəb olur:
“Bu təsiri aradan qaldırmaq üçün Rusiya hökuməti müxtəlif vaxtlarda, fərqli addımlar atdı. Ən böyük addım karbohidrogen ehtiyatların satışının rublla həyata keçirilməsi ilə bağlı tələb oldu. Müvəqqəti dövr ərzində bu rubla dayaq durdu. Ancaq mövcud vəziyyət uzunmüddətli olmadı".
İqtisadçı rus rublunun ucuzlaşmasının Azərbaycana təsirinin cüzi olacağını vurğulayıb:
"Bunun Azərbaycana ciddi təsirinin olacağı gözlənilən deyil. Çox cüzi sahələrdə mənfi təsirləri olacaq. Rusiyada işləyən biznesmenlərin, eləcə də, orada çalışan və Azərbaycana pul göndərən insanların əməyinə, fəaliyyətinə təsiri mənfi olacaq. Azərbaycanın əsas ticarət tərəfdaşı kimi Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkəmizdən oraya göndərilən məhsulların da alınma səviyyəsinə mənfi təsir göstərəcək. Ona görə də, həmişə qeyd etmişik ki, Azərbaycan mütləq öz ixrac və idxalını diversifikasiya etməlidir".
İqdisadçı ekspert Natiq Cəfərli Rusiya rublunun daha da ucuzlaşmasının mümkün olduğunu qeyd edib:
"Rublun kəskin şəkildə ucuzlaşması artıq Rusiya iqtisadiyyatında da ciddi problemlər yaradır. Təsadüfi deyil ki, Rusiya Mərkəzi Bankının növbədənkənar iclası keçirilib. Rusiya rublunun dəyərdən düşməsinin qarşısını almaq üçün iclasda uçot dərəcəsinin birdən-birə 12 faizə qaldırılmasına qərar verilib. Ancaq bu, gözlənilən effekti vermir. Hazırda 98-99 rubl 1 dollar civarındadır. 1 avro isə 108-109 rubl dəyərindədir. Rublun getdikcə daha da ucuzlaşması ehtimalı təbii ki, var. Amma müəyyən sabitləşmədən sonra bu baş tutacaq. Yəqin ki, 1 dollar bir müddət 100 rubl civarında sabitləşəcək. Bazar buna adaptasiya olmalıdır. Çünki ilin əvvəlindən rubl 30-35 faiz dəyər itirib. Bir müddətlik adaptasiyadan sonra rublun yenidən dəyərdən düşməsi prosesi davam edə bilər. Çünki sanksiyalar artıq daha çox təsir etməyə başlayır. Rusiya əsas ixrac məhsulları olan neft və qazını daha az satmağa nail olur. Bundan başqa idxal artır. Ölkəyə xaricdən daha çox məhsullar idxal olunur. Bütün bunlar dollara, valyutaya olan ehtiyacı artıracaq. Nəticə etibarilə bir müddət sabitlik dönəmindən sonra yenidən rublun dəyərdən düşməsi prosesi gedə bilər".
Ekspert vurğulayıb ki, rublun kəskin ucuzlaşması Azərbaycana göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər:
"Rusiyada yaşayan soydaşlarımız təbii ki, qazanclarını rublla əldə edirlər. Ancaq Azərbaycana, ailələrinə dollar və ya avro ilə pulu köçürürlər. Dollar və avro bahalaşdıqca onlar qazandıqları rublla daha az valyuta ala bilirlər. İlin əvvəlindən 30 faiz daha az valyuta əldə edirlər. Bu da Azərbaycana göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər".