Modern.az

Dövlət şirkətləri və publik hüquqi şəxslər: Özəl sektor təhlükədədir?

Dövlət şirkətləri və publik hüquqi şəxslər: Özəl sektor təhlükədədir?

İqtisadiyyat

29 Avqust 2023, 16:52

Azərbaycanda son illər bir sıra dövlət qurumlarının özəl sektorla rəqabət apara bilən təsisatlar formalaşdırma praktikası yaranıb. Qurumlar öz sahələrinə uyğun publik hüquqi şəxslər, şirkətlər və ya agentliklər yaradır. Bu isə bəzən həmin sahədə fəaliyyət göstərən özəl şirkətlər üçün daha sərt rəqabət mühiti formalaşdırır.

 

Xüsusilə dövlət qurumları tərəfindən yaradılan publik hüquqi şəxslərlə bağlı müzakirələr mövcuddur. Publik hüquqi şəxs institutu 2016-cı ildə qəbul edilən qanun əsasında yaradılıb. Bu qurumlar dövlət və bələdiyyə adından yaradılır, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur, ancaq dövlət və ya bələdiyyə orqanı hesab edilmir. 

 

Bütün publik hüquqi şəxslər kommersiya fəaliyyəti göstərmir, ancaq bir sıra qurumların bu fəaliyyətlə məşğul olduğu məlumdur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, publik hüquqi şəxsə çevrilən dövlət qurumları özəl sektor üçün müəyyən problemlər yarada bilir:

 

“Publik hüquqi şəxs geniş anlayışdır. Hər bir publik hüquqi şəxs kommersiya xarakterli fəaliyyət göstərə bilməz. Düzdür, bizdə publik hüquqi şəxslər yarananda daha çox dövlət strukturuna aid edilir. Mən hesab edirəm ki, əgər bir qurum publik hüquqi şəxs adını alıbsa, dövlət idaretməsi ilə yox, daha çox müqavilə əsasında formalaşıb fəaliyyət göstərməlidir. Publik şəxslər yarananda burada, əlbəttə, özəl sektor üçün müəyyən problemlər yaranır. Dövlət əhəmiyyətli və dövlət idarəsində olan qurumlar publik hüquqi şəxsə çevrilir. Burada faktiki olaraq idarənin adı dəyişdirilir, onun maliyyəsi və digər məsələlər isə yerində qalır. Publik hüquqi şəxsə çevrilən qurum maliyyə məsələsində də sərbəst olmalıdır. Maliyyə məsələsi də dövlət büdcəsindən yox, müqavilə əsasında fəaliyyət göstərməlidir". 

Deputat vurğulayıb ki, bəzi dövlət şirkətləri artıq özəlləşdirilməlidir:

 

"Publik hüquqi şəxslər özü maliyyəşən və dövlətdən maliyyələşən olmaqla iki yera ayrılır. Özəl sektor isə özü maliyyələşir. Nəticədə bunlar arasında rəqabətdə müəyyən problemlər yarana bilir. Cənab Prezident həmişə struktur dəyişiklikləri həyata keçirir. Bu da onun bir formasıdır. Rayonlarla əlaqədar icra hakimiyyətinin ləğvi nümayəndəliyin tətbiqi kimi məsələlərin həyata keçirilməsi fikirləri var. Eyni zamanda idarəetmə formasının dəyişdirilməsi ilə bağlı məsələr ətrafında fikirlər mətbuatda gedir. İndi bu, nə qədər həqiqətə uyğundur deyə  bimərəm. Amma Azərbaycanda struktur dəyişikliyinə böyük ehtiyac var. Çünki Azərbaycan artıq inkişaf etmiş dövlətlər siyahısına gəlib çıxır. Beynəlxalq təşkilatlar tərəfindən iqtisadi inkişafı qəbul olunur. Ona görə də struktur dəyişiklikləri mütləq olmalıdır. Bir sıra dövlət şirkətləri var. Onları artıq özəlləşdirmək lazımdır. Çünki özəl şirkətlərlə dövlət şirkətləri arasında rəqabətdə müəyyən problemlər yarana bilər. Ancaq özəl şirkətlər olduqda bu rəqabət normal səviyyəyə çıxır".

 

Milli Məclisin İqtiasdi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Aydın Hüseynzadə vurğulayıb ki, publik hüquqi şəxslərə maliyyə yardımı ilkin mərhələdə verilir:

 

"Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Dövlət adından yaradılan publik hüquqi şəxslərə ilkin mərhələdə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi bu təşkilatların öz dayanıqlı fəaliyyətini təmin etmək, mövcud bazar iqtisadiyyatı prinsipləri çərçivəsində müstəqil təsərrüfat subyekti olaraq maliyyə imkanlarını formalaşdırmaq üçün həyata keçirilir. Eyni zamanda, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər. Bu təşkilatlar kommersiya müəssisəsi olmasalar da, öz maliyyə-təsərrüfat fəaliyyətini nizamlamaq üçün qanunla bir sıra iş və xidmətlərdən gəlir əldə etmək imkanları yaradılıb. Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Məqsəd də məhz müəyyən dövrdən sonra dövlətin ayırdığı vəsaitlərin məhdudlaşdırılması və bu təşkilatların özlərinin öz gəlirləri hesabına fəaliyyətlərinin təmin etməsidir. Qanunvericilikdə nəzərdə tutulub ki, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər, o halda ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin". 

 

Aydın Hüseynov qeyd edib ki, publik hüquqi şəxslərin fəaliyyəti heç bir halda özəl sektora mane yarada bilməz:

 

"Rəqabət mühitinin pozulması halları mümkün deyil. Çünki bazarda minlərlə təsərrüfat subyekti müxtəlif iş və xidmətləri təklif edir və həmin xidmətlərdən istifadəni müştərilər özləri seçirlər. Belə halda publik hüquqi şəxslərlə özəl sektorun təklif etdiyi mal və xidmətlərə tələbi istehlakçı müəyyən etdiyindən burada rəqabəti bazar özü müəyyənləşdirir".

 

Millət vəkili bildirib ki, publik hüquqi şəxslərin kommersiya xarakterli fəaliyyəti ilə yanaşı, onların müvafiq dövlət orqanının səlahiyyətlərini daşıması da mövcuddur:

 

"Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə dövlət orqanı ilə yanaşı, publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur. Hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi