Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə bu sessiya Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Uzun illərdir müzakirələrə səbəb olan məcəllə 12 fəsil 83 maddədən ibarətdir. Layihənin qəbul edilməsi ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.
Bildirilir ki, məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Qeyd olunur ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni Məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Yeni layihəyə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq olunacaq. Bundan əlavə, 50 faizdən az, lakin 35 faizdən çox bazar payına sahib təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda orada hökmran mövqe tutmuş hesab ediləcək. Həmçinin aşağı və yüksək inhisar qiymətlərinə dair meyarlar müəyyənləşəcək.
Qeyd edək ki, eyniadlı sənəd 2006-cı ildə də parlamentə daxil edilib və qəbul edilməyib. Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindən olan Rəqabət Məcəlləsi yenə də bu sessiya müzakirə olunub-olunmayacağı maraq doğurur.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bu məcəllənin qəbul olunması çox vacibdir:
“Azərbaycanda iqtisadi sahədə normal rəqabətin yaradılması üçün yeni sənəd vacibdir. Cənab Baş naziri Əli Əsədov ötən il xahişimizdən sonra bununla bağlı bir daha göstəriş verdi. Məcəllə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlandıqdan sonra bütün nazirliklərlə razılaşdırılıb. Daha sonra Prezident Aparatına göndərilib. Məcəllə ötən sessiyada işlər planına daxil edilsə də, qəbul olunmadı. Çünki onun üzərində işlər aparılırdı. İndi işlər tamamlanıb və yenidən qanun layihəsi Milli Məclisə daxil olub".
Deputat deyir ki, məcəllə qəbul olunarsa, qiymət siyasətinə də təsir edəcək:
"Artıq inhisarçılar daha yüksək qiymətlər qoya bilməyəcək. Bu məcəllədə hamısı öz əksini tapıb. Qanun layihəsində haqsız rəqabət anlayışına da çox geniş verilib. Qüvvədə olan qanunvericiliklə müqayisədə haqsız rəqabətin formalarına yenidən baxılıb.
Digər tərəfdən də Rəqabət məcəlləsinin pozulmasına görə cəzalar da müəyyənləşib. Məcəllə ilə tanış olmuşam, kifayət qədər yaxşı hazırlanıb. Milli Məclisdə müzakirəyə çıxarılan zaman həmkarlarım tərəfindən də fikirlər səslənəcək, ola bilsin ki, müzakirələrdən sonra hər hansı dəyişikliklər olsun".