Kredit faizləri niyə aşağı düşmür... - Çıxış yolu var

Kredit faizləri niyə aşağı düşmür... - Çıxış yolu var

26 Sentyabr 2023, 11:58

Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. manata yüksəlib. Kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb.

 

Kredit portfelinin artmasına baxmayaraq, banklarda kredit faizlərinin yüksək olması bir sıra hallarda narazılıqlara və müzakirələrə səbəb olur.

 

Bəs, iqtisadçılar vəziyyəti necə dəyərləndirir? Kredit faizlərinin aşağı düşməsi üçün nə etmək olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtsadçı ekspert Pərviz Heydərov Azərbaycanda kommersiya banklarının təklif etdiyi kredit faizlərinin məbləğinin və səviyyəsinin yüksək həddədə olduğunu bildirib:

 

“Bu barədə çoxlu müzakirələr gedir. Mövcud məsələ ilə bağlı çoxlu narazılıqlar var. Lakin anlamaq lazımdır ki, kredit özü bir əmtəə vasitəsini ifadə edir. Pul alğı-satqısını ehtiva edir. Digər əmtəə vasitələrində olduğu kimi pul alğı-satqısında da tələb və təklif nisbəti qiymətin kredit üzrə hesablanan faiz dərəcəsinin müəyyən olunmasında əsas səbəb rolunda çıxış edir. Əgər kredit faizləri yüksəkdirsə, bu o deməkdir ki, pul təklifinin qiyməti yüksəkdir. Bu da müəyən tələblə təkifin  nisbətidir. Ölkədə istehlak kreditlərinə, həqiqətən də, çox böyük tələbat vardır. Bu tələbatdan irəli gələrək kredit faizlərini yüksək həddə saxlayırlar. Çünki banklarda likvidiklik, nağd pul həcminin səviyyəsi eyni həddə deyil. Likvidlik səviyyəsi yalnız iri, nəhəng banklarda yüksək səviyyədə sayılır. Digər banklar üzrə isə likvidiklik, yəni nağd pul həcmi səviyyəsi ucuz kreditlər vermək üçün heç də uyğun praktika hesab edilmir. Buna görə də, kredit faizləri yüksəkdir. Düzdür, axır vaxtlar  müəyyən banklar üzrə kredit faizlərində cüzi endirimlər müşahidə olunur. Ancaq bu  elə də ciddi xarakter daşımır”.

Pərviz Heydərov kredit faizlərinin aşağı düşməsi üçün müəyyən şəraitin yaranmasına ehtiyac olduğunu  vurğulayıb:

 

“Kredit faizlərinin aşağı düşə bilməsi üçün ölkədə bütün banklar üzrə likvidiklik səviyyəsi, yəni nağd pul ehtiyatı tələb olunan səviyyədə təşkil edilməlidir. Bütün banklar uzun, o cümlədən qısa müddətdə kredit təkliflərində zəruri, lazımi, tələb olunan pul ehtiyatlarına sahib olmalıdır”.

 

İqtisadçı ekspert Natiq Cəfərli kredit faizlərinin yüksək olmasının səbəbini belə izah edib:

 

“Azərbaycanda biznes və istehlak kreditlərinin faizi çox yüksəkdir.  Bu Mərkəzi Bankın uçot dərəcəsini kifayət qədər artırmasından irəli gəlir. Səbəblərdən biri də müəyyən kreditlərin sığortalanması istiqamətində bankların siyasətindən irəli gəlir. Onlar  geri qaytarılmayan, problemli kreditlərin də sığortasını digər faiz dərəcələrini artırmaq yolu ilə ödəməyə çalışırlar. Rəqabətli mühitlə də bağlı bəzi problemlər var. Çünki bank sistemi seqmentində kredit bazarı 70 faizdən yuxarı 3-4 bankın əlində cəmləşib. Lakin 25 bank mövcuddur. Bunun özünün də təsirləri var”.

İqtisadçı ekspert mövcud vəziyyətin çıxış yolunu da göstərib:

 

“Məsələnin həllinin elmi yolları var. Mərkəzi Bank uçot dərəcələrini aşağı salıb, çox ucuz faizlə banklara manat krediti verə bilər. Bununla da kredit faizlərinin  aşağı enməsi mümkündür. Digər yandan depozit faizlərini aağı çəkmək olar. Bu yolla depoziti aşağı faizlə alıb, vermək olar. Belə olan halda əhalinin depozitə marağı azalır. Depozitləri banklardan çəkməyə başlayırlar. Bu da banklara sərf etmir. Əslində, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salması əsas hədəf olmalıdır. Bununla da ucuz pul kütləsinə çıxış imkanları əldə edilə bilər. Bir də rəqabətli mühiti gücləndirmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır