Modern.az

Vergi ləğv edildi, amma kitab ucuzlaşmadı... - Problem təkcə ƏDV-də deyildi

Vergi ləğv edildi, amma kitab ucuzlaşmadı... - Problem təkcə ƏDV-də deyildi

İqtisadiyyat

13 Oktyabr 2023, 16:12

Ötən il Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Belə ki, kitab və kağız məhsullarının idxalı və satışında tətbiq edilən ƏDV ləğv edilib. Qərarın qəbul edilməsindən sonra kitabların qiymətində ucuzlaşma olacağı gözlənilirdi. 

 

Belə ümidlərin olmasına baxmayaraq, kitab qiymətlərində hələ də ucuzlaşma müşahidə olunmayıb. Oxucular kitabların baha olmasından şikayətlənir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bəzi kitabların xaricdən gətirildiyini, buna görə baha olduğunu bildirib:

 

"Azərbaycan müəlliflərinin yazdığı kitablarda dəyişiklik olmamalıdır. Ola bilər kitabların hazırlanmasında müəyyən problemlər var. Orada xərclər yüksəlir, çünki kağızı xaricdən gətiririk, qiyməti yüksəkdir. Əsas da kitabın hazırlanmasında lazım olan mallar xaricdən gəldiyi, orada da ciddi inflyasiya olduğu üçün qiymətlərə təsir edir, qiymətlərdə ona görə artım olur”.

Kitab blogeri Sərxan Rüstəmov kitabın qiymətini formalaşdıran müxtəlif amillərin olduğunu, ƏDV-nin ləğv olunmasına baxmayaraq, kitab xərclərinin də artdığını bildirib. 

 

Onun sözlərinə görə, kitabların qiyməti nəşriyyat tərəfindən müəyyənləşir: "Nəşriyyatda da kitabın qiymətinə  təsir edən bir çox faktorlar var, kağızın qiyməti, redaktə, korrektə, tərcümə, müəllif hüquqlarının alınması, çap xərcləri və s. bura daxildir.

 

Nəzərə alaq ki, dünyada və ölkədə bahalaşma və inflyasiya var, 18%-lik ƏDV-nin ləğv edilməsi onların qarşısında heç nədir. ƏDV ləğv olunub, amma digər tərəfdən kağız bahalaşıb. Həmçinin digər ərzaq məhsulları bahalaşıb. Nəzərə alanda ki, kitab sahəsində işləyən yüzlərlə, minlərlə insan var. Onlar da əməkhaqqı almalıdır və burada daha peşəkar insanlar çalışmalıdırlar. Onun üçün də 18% ƏDV ləğv olunubsa, bu kitabın ucuzlaşmasına yox, kitab sahəsi ilə məşğul olan insanların heç olmasa əmək haqqının artmasına, kitab sahəsinə daha da maraqlı, peşəkar insanların cəlb olunmasına səbəb olmalıdır. İddia edirəm ki, hətta əminəm ki, kitab mağazalarında yüzlərlə, minlərlə ucuz kitab var. Oxucular bu ucuz kitabların hamısını oxuyub bitirdilərmi, düşünürlər ki kitabların qiyməti bahadır?”.

 

Bloger qiymətə təsir edən əsas amillərdən birinin kitabların tiraj sayının olduğunu bildirib.

 

“Kitab nə qədər yüksək tirajla çap olunursa onun bir ədədinin qiyməti daha ucuza düşür. Bir çox xarici ölkələrdə, qonşu Türkiyədə, Rusiyada kitabın qiymətinin bizdən ucuz olmağının səbəbi odur ki, kitablar 10 min, 20 min, bəzən 100 min tirajla çap olunursa, bizdə 1000-3000 tirajla çap olunur. Bu da 1 ədədinin qiymətinin  yüksək olmasına gətirib çıxarır. Çünki ona çəkilən xərc də çox olur. Oxucu kütləsi artdıqca, kitabın qiyməti avtomatik olaraq ucuzlaşacaqdır. Düşünürəm ki, bu yöndə iş gedir. Hazırda Azərbaycanda kifayət qədər qiyməti 5-10 manata olan kitablar var. Kitabların 70-80%-in qiyməti 10 manata qədərdir. Çox da baha, yüksək qiymət deyil. Biz smartfonlara, digər elektron cihazlara  bunların  bəlkə də 100-200 qatı qədər pul veririk.

 

Biz bir fağır kitab tapmışıq, hamımız onun üstünə düşmüşük ki, kitabın qiyməti niyə ucuz deyil?! Nəyin qiyməti ucuzdur ki, kitabın da qiyməti ucuz olmalıdır? Ümumiyyətlə kitab niyə ucuz olmalıdır ki?! Kitab insana ən çox dəyər, savad  qatan ən önəmli vasitədir, sərmayədir. Biz kitaba verdiyimiz pula  xərc kimi  yox, gələcəyə sərmayə, yatırım  kimi baxsaq, kitabın qiyməti baha gəlməyəcək”.- Sərxan Rüstəmov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri