Modern.az

Sadələşdirilmiş vergi üçün 200 min manat limiti artırılmalıdır - Deputatlardan DƏSTƏK

Sadələşdirilmiş vergi üçün 200 min manat limiti artırılmalıdır - Deputatlardan DƏSTƏK

İqtisadiyyat

20 Oktyabr 2023, 16:20

Azərbaycanın vergi qanunvericiliyinə görə, bir sıra hallar istisna olmaqla, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu həcmi keçən sahibkarlar sadələşdirilmiş deyil, əlavə dəyər vergisi ödəyir.

 

Vergi qanunvericiliyindəki bu müddəa artıq uzun illərdir tətbiq olunur. Müddəanın qəbul edilməsindən bu yana Azərbaycan valyutasının dəyərində ciddi dəyişikliklər olub. Belə ki, manatın dəyəri son illərdə azalsa da, sadələşdirilmiş vergi üçün nəzərdə tutulan əməliyyat həcmi dəyişməyib. Bir sıra sahibkarlar son illərdə inflyasiyanı nəzərə alaraq 200.000 manat həcminin artırılmasını istəyir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentdə bu mövzu barədə fikirlərin səsləndirildiyini bildirib.

 

"200 min manatı biz səsləndirən zaman manat daha dəyərli idi. Ciddi inflyasiya yox idi. Qiymət artımları da bu səviyyədə deyildi. Məsələyə yenidən baxılmalıdır. Yəqin ki, bununla bağlı məsələyə toxunulacaq. Məbləğ 300 minlə 500 min arası olmalıdır. Məbləğ artandan sonra geri qalan gəlir sahibkarın özünə qalacaq. Bu isə sahibkarlar üçün əlavə gəlir deməkdir”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Aydın Hüseynov da 200 min manat həcminin dəyişdirilə biləcəyini vurğulayıb:

 

“Dövriyyənin həcmi hər il dəyişir. Digər tərkibdə parametrlər və keyfiyyətlər də dəyişdiyi üçün sadələşdirilmiş verginin tətbiqində 200 min manat həcmi dəyişə bilər. İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun təklifi əsasında hədlər müəyyənləşir. Burada təhlillər əsasında nəticəyə gəlinir. Ümumi bazarda iqtisadi subyektlər arasında bu sayda olan vergi ödəyicilərinin sayına uyğun olaraq, onlar müəyyənləşdirilir. Əgər hər hansı bu sahədə əsas götürülən kriteriyalara, meyarlara uyğun gəlirsə və ya gəlmirsə, həcmin dəyişdirilməsi mümkündür".

Deputat 200 min manat həcminin dəyişə biləcəyini və bunun sahibkarlar üçün təkan ola biləcəyini söyləyib:

 

"Sadələşdirilmiş vergi üçün həcm arta bilər. Yəni il ərzində 200 mindən artıq dövriyyə ola bilər. Bu zaman çox güman ki, dövriyyənin həcmi artar. Minimal həddən yuxarı məbləğin götürülməsi mümkündür. Ən çox kiçik və mikro biznes subyektlərinin dövriyyələrinin həcmi bu qədər olur. Ona görə də bu, kiçik biznes, makro sahibkarlıq üçün çox əlverişlidir. Onların inkişafına, sahibkarlıq fəaliyyətinə bir təkandır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi