“Azərbaycan kimi, Rusiyaya da bu dəhliz (Zəngəzur dəhlizi-red.) lazımdır”.
Modern.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kremlə bu dəhliz çox sadə səbəbə görə lazımdır, hazırda Rusiyanın Qərb sərhədi tamamilə bağlıdır və Qərbə yeganə yol Qafqazdan keçir.
“Amma bu yolun necə, hansı rejimdə işləməsi artıq sualdır və burada Bakı ilə Moskvanın maraqları üst-üstə düşməyə bilər”, - ekspert deyib.
İskəndəryanın fikrincə, bu gün Azərbaycanın əsas məqsədi məhz dəhliz və onun üçün əlverişli variantda sülh müqaviləsi bağlamaqdır.
“Bu dəhlizin və ya yolun necə olacağı Azərbaycanın təzyiqindən asılıdır. Ermənistanda yol, Azərbaycanda isə dəhliz adlandırılacaq belə bir variantın ortaya çıxması o qədər də böyük problem deyil. Bütün bunlar texniki sualdır. Orada isə reallıqda nə baş verəcəyi Azərbaycanın həqiqətən nə istədiyindən və nə qədər irəli gedəcəyindən asılıdır”, - deyə politoloq əlavə edib.