Oktyabrın 7-də İsrail və HƏMAS silahlı qruplaşması arasında toqquşmanın başlamasından sonra dünya bazarında qızılın qiymətində bahalaşma müşahidə edilib.
Yaxın Şərqdə münaqişə başlayandan bəri, CME birjasında qızılın dekabr müqaviləsinin qiyməti 6,16% və ya bir unsiya üçün 113,6 dollar artıb. Oktyabrın 18-də isə qiymətlər pik həddə çatıb və bir unsiya üçün 1958,8 dollar təşkil edib.
Azərbaycanda da qızılın qiymətində bahalaşma müşahidə edilib. Bunu həm Mərkəzi Bankın gümdəlik təqdim etdiyi rəqəmlər, həm də qızıl bazarında fəaliyyət göstərən sahibkarlar təsdiq edir.
Modern.az-ın söhbət etdiyi bir neçə qızıl satıcısı qiymətlərdə 5-6% artım olduğunu bildirib.
Məlumata görə, bahalaşma həm “türk qızılı”, həm “italyan qızılı” adlanan qızıl növlərində, eləcə də digərlərində müşahidə edilib. Satıcılar Azərbaycanda "toy mövsümü"nün başlamasının da qızıla olan tələbatı artırdığını deyir.
Qızıl bazarında fəaliyyət göstərən satıcılardan biri deyir ki, İsrail-HƏMAS müharibəsinin başlamasından sonra xaricdən gətirilən İtaliya istehsalı qızıl məmulatlarının alış-satış qiyməti əvvəlki günlərlə müqayisədə hər qram üzrə bir neçə manat qalxıb. "Rus qızılı" və "Türk qızılı" adlanan qızıl növlərində də eyni dərəcədə bahalaşma qeydə alınıb.
Hazırda yerli bazarda qızılın alış qiyməti 64-95 (əvvəlki qiymət 58-90) manat, satış qiyməti isə 95-120 (bahalaşmadan öncə 90-110) manat arasında dəyişir.
Xarici ekspertlər bildirir ki, Yaxın Şərqdə münaqişənin uzanması ehtimalı qızıla olan tələbi daha da artırıb. Belə ki, İsrail-HƏMAS müharibəsi qlobal miqyasda investorların qızıl kimi daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olub. Yüksək neft qiymətləri səbəbindən iqtisadiyyatda staqflyasiya riskləri də qiymətin artmasında katalizator rolunu oynayıb.
İqtisadçı ekspertlər müharibənin uzanması fonunda qızılın qiymətinin daha da bahalaşacağını istisna etmir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında toqquşma oktyabrın 7-də başlayıb. Toqquşma nəticəsində hər iki tərəfdən minlərlə şəxs həlak olub. İsrail ordusu HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağına aviazərbələr endirib.
Bir sıra KİV-lər İsrail ordusunun quru əməliyyatına hazırlaşdığını yazıb. Müşahidəçilər quru əməliyyatlarının genişmiqyaslı toqquşmaya səbəb ola biləcəyini, digər aktorların da müharibəyə qoşula biləcəyini ehtimal edir.
Müharibə yalnız qızıl bazarına deyil, neft bazarına da təsirsiz ötüşməyib. Belə ki, ötən həftənin sonu "Brent" markalı neftin bir barelinin qiyməti 95 dollara qalxıb. Ekspertlər neftin qiymətinin 100 dolları ötə biləcəyini deyir.
Modern Təhlil və Araşdırma Qrupu