Qazaxıstanın Energetika Nazirliyi Rusiya ərazisindən keçən "Dostluq" neft kəməri ilə Almaniyaya neft tədarükünün həcmini ildə 2 milyon tona çatdırmaq üçün danışıqlar aparır.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə nazir Almasadam Satqaliyev brifinq zamanı məlumat verib.
“Qazaxıstan prezidentinin Berlinə səfəri zamanı Almaniya tərəfi Qazaxıstan neftinin tədarük həcminin artırılmasında maraqlı olduğunu bildirib. Hazırda Rusiya tərəfi ilə Qazaxıstan neftinin onun ərazisindən tranzitinin təmin edilməsi və neft emalı zavodlarının neft almaq imkanları ilə bağlı danışıqlar və razılaşmalar aparılır”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, tədarükün həcmi ildə 2 milyon tona qədər neftə çata bilər. Bununla belə, tədarükün yekun həcmi danışıqlardan sonra təsdiqlənəcək.