Modern.az

Bakıda mənzillər sürətlə bahalaşır - Çıxış yolu Böyük Qayıdış ola bilər...

Bakıda mənzillər sürətlə bahalaşır - Çıxış yolu Böyük Qayıdış ola bilər...

30 Oktyabr 2023, 16:36

Son dövrlərdə dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsir edib. Kəskin bahalaşmanın müşahidə olunduğu sahələrdən biri də daşınmaz əməlak bazarıdır.

 

Azərbaycanda mənzil bazarında ciddi bahalaşma müşahidə edilir. Həm bina, həm həyət evlərinin qiymətinin artdığı bildirilir. Xüsusilə, paytaxt ərazisində yerləşən yaşayış binalarındakı mənzillərin qiyməti xeyli artıb.

 

Ekspertlər bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. Bahalaşmanın səbəbləri sırasında tikinti bazarında qiymət artımı və digər səbəblər göstərilir.

 

Mənzil bazarında qiymətlərin artmasının səbəbi, eləcə də artımın nə qədər davam edəcəyi maraqlıdır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan əmlak eksperti Nüsrət İbrahimov da ötən ay mənzil bazarında qiymət artımının olduğunu vurğulayıb:

 

“Sentyabr ayı ərzində əslində 3,7 faiz qiymət azalıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə 7,26 faiz artım var. Ehtimal var ki, ilin sonuna qədər təxminən 8 faiz civarında ümumi il ərzində artım ola bilər”.

 

Ekspert mənzil bazarında qiymət arımının səbəbləri barədə də danışıb:

 

“Birinci yaşayışın bahalaşmasını qeyd etmək olar. Yaşayış bahalaşanda təbii ki, hər şey bahalaşır. Eyni zamanda ötən il idxal tikinti məhsulları bahalaşdı. Bu da bahalaşmaya təsir edir. Doğrudur, bu il ötən ilə nisbətən qiymət artımı azaldı. Çünki proses səngiyə-səngiyə gedir. Əmək bazarında və digər sahələrindəki bahalaşma nəticədə mənzillərin qiymətinin artmasına öz təsirini göstərdi”.

N.İbrahimov vətəndaşların mənzilə əlçatanlığın necə olduğuna da münasibət bildirib:

 

“Əvvəllər ipoteka fondu yox idi. İnsanlar evi nağd pulla alırdılar. İpoteka Fondu yarandıqdan sonra insanlar kredit hesabına evlər almağa başladı. Kommersiya bankları daxili kredit verməyə başladı.  Əlçatanlıq daha da çoxaldı.  İndi rəsmi kağızı olan istənilən fərd ipoteka ilə həm daxili,  həm də dövlət ipotekası hesabına ev ala bilər. Digər yandan kirayə evlər layihəsi, güzəştli mənzil layihəsi də işləyir.  Bir neçə tərəfdən bazar güzəştli qiymətlərlə, əlçatamlıqla təklif var”.

 

İqtisadçı ekspert Natiq Cəfərli mənzil bazarında qiymətlərin bahalaşmasının bir çox səbəblərinin olduğunu deyib:

 

“Əsas amillərdən biri tikinti bazarlarında qiymət artımının olmasıdır. Bu sahədə nəzərəçarpacaq qiymət artımları var. Digər yandan Bakı şəhərində bir çox söküntü işləri aparıldı. Köhnə binaların, hətta “xruşovka” adlanan binaların da Nəsimi və Yasamal rayonlarında söküntüsünün getdiyini gördük.  Bu da mənzil tələbatını artıran amilə çevrildi.  İnsanlar sökülən binaların yerində mənzil almaqdansa, vəsait almağı tərcih edirlər. O vəsaitlə başqa yerdə ev almaq istəyirlər. Bu da mənzil bazarında gərginlik yaradır. Digər təbii səbəb isə Azərbaycan əhalisinin sayının artması ilə bağlıdır.  Əhali artdıqca, təbii olaraq yeni ailə quranların da sayı artır. Mənzil tələbatı yaranır. Bütün bunlarla yanaşı, ipoteka kreditlərinin  yumşalması da var”.

Ekspert vurğulayıb ki, bu tendesiyanın qarşısını alacaq amil Böyük Qayıdış layihəsinin uğurla icra edilməsi ola bilər:

 

“İşğaldan azad olunmuş ərazilərimizə yaxın 10 il ərzində yüz minlərlə insanın geri dönməsi prosesi baş verərsə, bu həm Bakının yükün azaldar, həm də daşınmaz əmlak bazarında  qiymətlərin tənzimlənməsinə səbəb olar”.

 

N.Cəfərli əhalinin mənzil almağa əlçatanlığı ilə bağlı da danışıb:

 

“Azərbaycanda mənzil bazarı 90 faiz Bakıda cəmləşib  Bakıda orta aylıq əməkhaqqını və yaşayış səviyyəsini götürsək, indiki qiymətlərlə Azərbaycan vətəndaşı yeməsə, içməsə,təqribən 150 aya maaşını toplayıb balaca ev ala bilər. Ona görə də,  bir çox hallarda iki amil ortaya çıxır: ailə yardımı və kommersiya  ipotekası. Bu yollarla mənizlə çıxış etməyə çalışırlar. Azərbaycanda maaşını toplayıb ev almaq mümkün deyil. Bunu  birdəfəlik bilmək lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi