Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi qəlbdən təbrik edən dövlətimizin başçısı bildirib:
“Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.
İlham Əliyev xatırladıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib:
Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.