“Cari ilin qalan dövründə valyuta təklifi tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi daha da arta bilər”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu müdaxilə pul təklifinin ikirəqəmli artırılmasına səbəb olacaq.
"Bu, təxminən 20 faizdir. Pul bazasının artımı isə növbəti illər üzrə inflyasiya artırıcı təsir potensialına malikdir. 2024-cü ildə pul siyasətinin ötürücülüyündə məzənnə kanalı başlıca rol oynayacaq. Növbəti ildə də pul siyasəti və likvidliyin idarə olunması çərçivəsinin təkmilləşdirilməsi, banklararası pul bazarının inkişaf etdirilməsi və qısamüddətli faizlərin orta və uzunmüddətli faizlərə təsirlərinin gücləndirilməsi istiqamətində islahat etdirməyi planlaşdırırıq. Məzənnə siyasəti yürüdərkən, manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalının məhdudlaşdırılmasındakı rolu nəzərə alınacaqdır. Növbəti ildə də faiz dəhlizinin parametrlərinin monitor şəraiti və bununla da məcmu tələbə təsir göstərəcəyi gözlənilir. Çünki faiz dəhlizi maliyyə bazarlarının müxtəlif seqmentlərinə təsir göstərir. Faiz dəhlizi parametrlərinə dair qərarlar inflyasiyanın xarici və daxili amillər üzrə risk balansını dəyişmi və yenilənmiş makroiqtisadi proqnozlar, habelə valyuta bazarında gedən proseslər nəzərə alınmaqla qəbul ediləcəkdir”, - deyə o bildirib.