Bir neçə gün əvvəl banklarla bağlı iki yenilik mətbuatın diqqət mərkəzində olub. Birincisi Mərkəzi Bank bankomatlar vasitəsilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq.
Bir sıra banklar isə "SMS" xəbərdarlıq tarifini gələn aydan artırmaq qərarı veriblər. Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"SMS” məlumatlandırma xidməti müştərilərə aylıq əsasda təqdim olunur və bu xidmətdən istifadə seçimində müştərilər sərbəstdirlər. Mərkəzi Bank bildirir ki, “SMS” məlumatlandırma üzrə banklar tərəfindən kart sahiblərinə tətbiq olunan xidmət haqları adıçəkilən xidmət üzrə bankların özlərinə təqdim olunan xidmətin dəyəri ilə əlaqədardır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir.
Mərkəzi Bankdan bildirilib ki, “SMS” məlumatlandırma xidmətinin müəyyən komissiya müqabilində təqdim olunmasına baxmayaraq, banklar tərəfindən kartlarla aparılmış əməliyyatlar haqda mobil bankçılıq həlləri vasitəsilə kart sahiblərinə real rejimdə pulsuz “push” bildirişlər göndərilir.
Məsələ ilə bağlı Modern.az-a danışan ekspert Eldəniz Əmirov Mərkəzi Bankla kommersiya banklarının fəaliyyət istiqamətlərinin və siyasətinin fərqli olduğunu vurğulayıb:
"Mərkəzi Bankın əsas funksiyası dövlətin pul və onun tərkib hissəsi olan məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsidir. Mərkəzi Bankın ödəniş sistemi üzərində fəaliyyəti mövcuddur. Mərkəzi Bankın sözügedən qərarı da bilavasitə təkmilləşdirmə yönündə atılmış addımdır. Əlbəttə ki, Mərkəzi Bankın nağdlaşdırma zamanı haqqların aşağı salınması, təbii olaraq, kommersiya banklarında müəyyən qədər itkilərin hesabına başa gələcək.Belə olan halda kommersiya bankları sözügedən qərarın onlara olan mənfi təsirlərini aradan qaldırmaq, ən azı neytrallaşdırmaq üçün digər istiqamətlərdə qiymət haqlarını qaldırırlar. Təbii olaraq, bu, bankdan banka fərqlənə bilər. Bəzi banklar müəyyən xidmətləri sıfırlaya və ya onların dəyərini artıra bilər. Burada söhbət fəaliyyətin səmərəli təşkilindən gedir".
E.Əmirov vurğulayıb ki, bütün hallarda hansısa tarifin artırılması vətəndaşları, subyektləri qaçıran səbəbdir.
"Lakin banklar digər metodlarla həmin vətəndaşı geri qaytarmağa cəhd göstərirlər. Məsələn başqa tarif və xidmətlərlə, endirimlərlə vətəndaşlarə cəlb etməyə çalışırlar. "Mərkəzi Bank qiyməti tənzimləməlidirmi" sualı meydana çıxır. Hesab edirəm ki, əslində, bazar iqtisadiyyatının qanunlarına görə, Mərkəzi Bank buna müdaxilə etməməlidir. Amma rəqabətin qiymətləri tənzimləyə bilməməsi səbəbindən müdaxiləyə ehtiyac olduğunu düşünürüəm".
İqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sözügedən addımının müsbət hal olduğunu deyib:
“Mərkəzi Bank tərəfindən qarşılıqlı faiz dərəcələrinin aşağı salınması istiqamətində atılan bu addım təqdirəlayiqdir. Bu addımın atılması çoxdan gözlənilirdi. Amma kommersiya bankları itirdiklərini başqa xidmətlər vasitəsilə geri qaytarmağa çalışırlar. Buna misal kimi, "SMS" xidmətlərinin qiymətinin artırılmasını göstərə bilərik. Xidmət dəyərinin çox kiçik olması səbəbindən insanlar buna çox zaman fikir vermirlər. Amma söhbət 100 minlərlə insanın istifadə etdiyi xidmət haqqından gedir".
Ekspert vurğulayıb ki, banklar istədiyi kimi xidmət haqqlarını artıra bilməz:
"Ona görə ki, müştərilərin seçim haqqı yoxdur. Bütün banklar eyni xidməti təklif edirsə, bir bankdan digərinə getməyin ayrı bir nəticəsi olmayacaq. Mərkəzi Bank bu sahəyə ciddi nəzarət mexanizmlərini tətbiq etməlidir. Kommersiya bankları ilə birgə müzakirələr aparılmalıdır. Mərkəzi Bank müştərilərin ziyanına olacaq və onların heç cür təsir edə bilməyəcəkləri məsələlərdə onların tərəfindən çıxış etməlidir. Kommersiya bankları istədikləri şəkildə xidmət haqqlarını artıra bilməzlər. Xidmət haqqının artırılmasının səbəbi əsaslandırılmalıdır. Xidmətin nəyi bahalaşıb ki, qiymət haqqı artıb. Ölkədə mobil internet və rabitənin qiyməti artmayıb axı".