Modern.az

Maşın bazarında durğunluq: İlin sonuna kimi qiymətlər...

Maşın bazarında durğunluq: İlin sonuna kimi qiymətlər...

23 Noyabr 2023, 13:30

Son günlər avtomobil bazarında durğunluq müşahidə olunur. Satıcılar avtomobil alanlardan, alıcılar isə satanlardan şikayətçidir.

 

Bu ilin aprel ayında zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb. Bununla bağlı martın 29-da Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu addım avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə izah edilib.

 

Qərarın özündə vurğulanır ki, Azərbaycanda 1.4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1.3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Həmin avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur.

 

Baş nazirin imzaladığı qərarın qüvvəyə minməsindən sonra bazarda bahalaşma müşahidə olunub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev rəsmi gələn maşınlarda heç bir qiymət artımının olmadığını bildirib:

 

“Hazırda salonların çoxunda endirim kampaniyaları keçirilir. Qeyri-rəsmi olaraq gələn maşınların qiymətində artımlar ola bilər. Qiymət artımına müəyyən faktorlar səbəb olur. Logistika, daşınma xərclərində artım salonlarda maşınların qiymətinin bahalaşmasına təsir edən əsas faktordur. Ancaq 2023-cü ildə salonlarda biz bunu müşahidə etmədik. Logistika, eləcə də istehsalçı zavodlarda qiymətlərin artmasına baxmayaraq, Dilerlər Assosiasiyasına üzv şirkətlər qiymətdə dəyişiklik etmədilər.  Əksinə cari il ərzində bir neçə dəfə endirim kampaniyaları edilib. Qarşıda noyabrın son cümə günü ediləcək endirimlər var. Noyabrın son cümə günündə endirimlər dünyanın hər yerində olur. Eləcə də dekabr ayında yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar endirim kampaniyaları hazırlanır”.

Ekspertin sözlərinə görə, hazırda maşın bazarında hibrid və elektrik avtomobillərə maraq daha çoxdur:

 

“Cənab Prezidentin sərəncamından sonra dövlət nəzdində bir sıra işçi qrupları yaradıldı. Bundan sonra elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər edildi. Bu güzəştlərə gömrük rüsumunun və ƏDV-nin ləğvi, eləcə də 10 faiz ilkin ödənişlə avtomobil almaq kimi imkanların yaradılması daxildir. Avtomobilin istehsal ili, ölkəsi və zavodundan asılı olmayaraq, elektrik, xüsusilə də plagin hibridlərə maraq olduqca çoxdur”.

 

E.Əliyev hazırda hansı ölkənin istehsalı olan avtomobillərin populyar olduğundan da bəhs edib:

 

“Hazırda Çin istehsalı olan avtomobillər daha populyardır. Lakin bu, Koreya, Yaponiya və digər Avropa ölkələrindən gələn avtomobillərə maraq azdır anlamına gəlmir. Sadəcə birinci yerdə Çin istehsalı avtomobillər dayanır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Azərbaycan avtomobil bazarında ilin sonuna qədər qiymətlərdə kəskin artım olmayacağını söyləyib:

 

“Azərbaycan avtomobil bazarında hər ilin sentybarında adətən canlanma olurdu. Lakin cari ildə biz bunu müşahidə etmədik. Noyabrın 10-a qədər bazar qeyri-aktiv olub. Bazarın dirçəlişini yalnız noyabr ayının 15-dən hiss etməyə başladıq. Nə köhnə, nə yeni maşınların qiymətinin kəskin bahalaşması müşahidə edilir. Son dəfə yeni maşınların qiyməti təxminən 3-5  faiz civarında avqust ayında artmışdı. Köhnə maşınların qiymətində isə artım olmayıb. Bu ilin sonuna qədər kəskin qiymət dəyişikliyi olmaycaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU