Modern.az

Azərbaycanda daha bir bank bağlanır?

Azərbaycanda daha bir bank bağlanır?

İqtisadiyyat

24 Noyabr 2023, 16:44

Azərbaycanda bu il ərzində 2 bank fəaliyyətini dayandırıb. Mərkəzi Bank "Günay Bank" və "Muğan Bank"ın lisenziyasını ləğv edib.

 

Modern.az xəbər verir ki, ölkədə daha bir bankın bağlanacağı barədə xəbərlər yayılıb.

 

"Bank BTB" bu yaxınlarda 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, Bank 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub. 2022-ci ilin müvafiq dövründə isə bank 5 milyon 714 min manat xalis zərər açıqlamışdı.

 

Cari ilin ilk 9 ayında "Bank BTB"nin cəmi öhdəlikləri 327 milyon 537 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3.3 milyon manat çoxdur. Bankın depozit portfeli (Müştərilərin depozitləri) cari ilin ilk 9 ayında 7.5% və ya 11.9 milyon manat azalaraq 147 milyon 322 min manata enib.

 

Ümumilikdə, 2023-cü il oktyabr ayının 1-nə "Bank BTB"nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49 milyon 222 min manat təşkil edib.

 

Mətbuatda yayılan məlumatlara görə, bankın filial şəbəkəsi sürətlə kiçilir. Bildirilir ki, işçilərinin bir hissəsinin ixtisarı ilə yanaşı, bankın filialları da bağlanır. Son iki ildə "Bank BTB"nin ümumilikdə 8 filialı və şöbəsi bağlanıb. 2021-ci ildə 3 filial, 2022-ci ildə isə 5 filial fəaliyyətini dayandırıb.

 

APA isə bu gün yazıb ki, "Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.Məlumata görə, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. 

 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi