Modern.az

Haqsız rəqabət, yoxsa haqlı etiraz: Alıcılar və satıcılar "Trendyol"la bağlı fərqli düşünür

Haqsız rəqabət, yoxsa haqlı etiraz: Alıcılar və satıcılar

İqtisadiyyat

27 Noyabr 2023, 17:44

Son illərdə Azərbaycanda xaricdən geyim və digər məhsullar sifariş vermək olduqca populyarlaşıb. Məsələn, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol”dan və digər platformalardan istifadə halları artıb.


Artıq insanlar arzuladıqları brend əşya və geyimləri bu platformalar vasitəsi ilə həm ucuz qiymətə, həm daha keyfiyyətli olanını təmin edə bilir.  Bu platformanın Azərbaycan bazarına daxil olması istehlakçıların xoşuna gəlsə də, satıcıları narahat edir. Yerli bazarda iştirak edən şəxslər "Trendyol" kimi platformaların haqsız rəqabətə səbəb olduğunu və yerli bazarı məhv etdiyini deyirlər.

 

İstehlakçılar isə yerli bazarda satılan geyim və digər məhsulların baha olmasından və keyfiyyətsizliyindən şikayətçidir. Onlar Azərbaycan bazarlarında alış-veriş etməkdənsə, bu ticarət platformalarından istifadəni daha üstün tutur.

 

Onlayn ticarət platformasından geniş istifadə gələcəkdə Azərbaycanda bazarına güclü təsir edə, hətta bazarın çökməsinə səbəb ola bilərmi?

 

 

Deputat Rüfət Quliyev Modern.az-a açıqlamasında bu qaydada olan alqı-satqını haqsız rəqabət hesab etmədiyini bildirib.

 

“İstənilən alış-satış-elektron, real fərq etmir. Bu daha çox rəqabətin diapozonunu artırır və insanlar üçün rahatlıq yaradır. Real rəqabət də elə bunun özüdur. 300 dollardan yuxarı gələn mallara gömrük haqqları və əlavə dəyər vergisi tətbiq olunur. Hesab etmirəm ki, bu haqsız rəqabətdir. Hesab edirəm ki,  Bu qaydada olan alqı-satqı olmalıdır. Bu real rəqabətə daha çox təkan verir, inkişaf etməlidir. Bütün dünya bundan istifadə edir. İnkişaf etmiş bütün ölkələrdə, hətda 3-cü dünya ölkələrində də bundan istifadə olunur.”

 


İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda pərakəndə satışla məşğul olan mağazalar onlayn ticarətə uyğunlaşa bilmirlər.

 

“Rəqabətin mühiti gücləndirilir. Artıq bütün dünya onlayn ticarətə keçib. İnkişaf etmiş ölkələrdə artıq pərakəndə ticarətin bəzi hallarda bir çoxu onlayn ticarət üzərindən həyata keçirilir. Azərbaycanda pərakəndə satışla məşğul olan mağazalar da bunu görməli və özləri də buna uyğunlaşmalıdır, belə onlayn satış platformalarından istifadə etməyi  və yaratmağı bacarmalıdır. Burada əsas məsələ müştəri məmnuniyyətidir, vətəndaşların ucuz və keyfiyyətli mala çıxış imkanlarının olmasıdır. Bu da rəqabət mühitini gücləndirir. Fikrimcə "Trendyol"un Azərbaycandakı fəaliyyəti vətəndaşlar nöqteyi-nəzərindən kifayət qədər pozitiv haldır.” 

Ekspert pərakəndə satışla məşğul olan mağazalarda malların baha olmasının səbəbini icarə haqlarının baha olmasında görür.

 

“Azərbaycanda pərakəndə satışla bağlı xüsusəndə geyim məhsullarının satışı ilə bağlı probemlər var. burada icarə haqqı, əlavə xərclər çox yüksəkdir. Buna görə də "Trendyol" Azrbaycan bazarında geniş yer almasına səbəb pərakəndə satışla məşğul olan mağazaların qiymət və xidmətlə bağlı  uyunlaşa və rəqabət apara bilməməsidir. Bizdə pərakəndə geyim məhsullarının çox baha olmasının səbəbi isə icarə haqqlarıdır. Fantastik icarə haqqları var bizim mağazalarda. Bu icarədarlara da ziyan olacaq. Onlar düşünməlidirlər ki, indiki halda bu qədər baha icarə verməyə dəyərmi? Bir müddətdən sonra mağazalar boş qala bilər. Ona görə də burada yeni modellərin yaradılmasına ehtiyac var. Azərbaycanda kiçik və orta sahibkarlar var ki, bunu artıq anlayırlar. Sosial şəbəkə platformalar üzərindən kifayət qədər satış həyata keçirən sahibkarlar da var. yeniliyə ayaq uyduran iş adamları da mövcuddur.”

 

İqtisadiyyat məsələləri üzrə ekspert Elçin Rəşidov bildirir ki, elektron ticarətə vergi qoyulması ölkədə haqlı rəqabətin yaranmasına imkan yaradır.

 

“Bu elektron ticarətdir. "Trendyol" onun bir hissəsidir. İstənilən halda Azərbaycan müəyyən sahibkarlar elektron ticarət vasitəsilə satış edirlər. Bunların ikisi arasında bərabərlik işarəsi qoymaq lazımdır. Elektron ticarətə vergi qoyulması və gömrük rüsumlarının tətbiq edilməsi ölkədə haqlı rəqabətin aparılmasına imkan yaradır. Sosial şəbəkələrdə bəzi iqtisadçılar bildirir ki, elektron ticarət bütün vergi və rüsumlardan azad olmalıdır. Lakin bunu xaricdən mal idxal edən sahibkarlar barədə demirlər. Bu barədə onlar nəinki ədalətsizlik edir, iqtisadiyyat üçün zərərli təklif irəli sürmüş olurlar. Bu təklif qeyri-bərabərlik yaradır. Eyni zamanda iqtisadiyyatı kiçildir. Ona görə də bunların hamısına eyni rüsum tətbiq edilməlidir. 

 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov məsələni hüquqi cəhətlərini izah edib.


“Trendyol"un haqsız rəqabətə səbəb olması ilə bağlı ehtimallara gəlincə, qeyd edə bilərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsində qeyd olunur ki, azad sahibkarlara təminat verilir. İqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verlmir. Eyni zamanda bu müddəalar haqsız rəqabət haqqında qanununda da öz əksini tapır. Burada rəqibin təsərrüfat fəaliyyətinin təqlidi və har hansı bir müdaxilədən söhbət gedir. 2020-ci ildən etibarən dəyəri 300 dollara qədər olan poçt göndərişlərinin ölkəyə gətirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Sifariş verib hər hansı bir məhsulu "Trendyol" vasitəsilə ölkəyə gətirə bilərlər. Digər kampaniyalar və müəyyən reklam məqsədli satışların həyata keçirilməsi və ya dəyərindən daha ucuz məhsulların satışınının həyata keçirilməsi və bazarda böyük paya sahib olması ilə bağlı müddəalara gəldikdə bu konkret əsaslandırılmalıdır ki, hansı sahibkara nə formada təsirindən söhbət gedir. Hazırda "Trendyol"un fəaliyyətində hər hansı mövcud qanunvericilik müddəasının pozulmasını ehtimal etmirik. Hər hansı bir sahibkarın əsaslandrırılmış şəkildə məhz "Trendyol"un haqsız rəqabətə yol verməsi ilə bağlı hallar və sübutlar öz təstiqini taparsa, bu halda onlar məsuliyyətə cəlb oluna bilərlər.”

 

İsmayıl Bakuvi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi