Modern.az

Neftlə bağlı qərar Azərbaycana təsir etməyəcək - Vacib AÇIQLAMA

Neftlə bağlı qərar Azərbaycana təsir etməyəcək - Vacib AÇIQLAMA

İqtisadiyyat

2 Dekabr 2023, 17:04

Bu həftə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclası keçirilib. Keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEC plus”a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. 

 

OPEC+ üzvü olan ölkələr neft hasilatı kvotalarının əlavə olaraq gündəlik 1 milyon barel azaldılması, Səudiyyə Ərəbistanı isə hasilatın sutkada 1 milyon barel azaldılması üzrə könüllü öhdəliyinin müddətinin uzadacaqları barədə konsensusa gəlib.

 

OPEC+-un 2024-cü il üçün hasilat planında ümumi gündəlik hasilat kvotası, bir sıra ölkələrin könüllü məhdudiyyətləri nəzərə alınmaqla sutkada 1,66 milyon barel azaldılmaqla 38,9 milyon barel nəzərdə tutur. İyul ayından 2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı hasilatı sutkada 1 milyon barel azaldıb. Rusiya hasilatı sutkada 500 min barel, sonra isə ixracı bu ilin sonunadək 300 min barel azaltdığını elan edib.

 

Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barrel, Konqoda 277 min barrel, Nigeriyada isə 1500 min barrel həcmində olmasını nəzərdə tutur. 

 

OPEC+ təşkilatının neft hasilatı ilə bağlı qərarı Azərbaycana necə təsir edəcək?

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu qərarların Azərbaycan üçün neqativ təsirlərinin olacağını düşünmür. O, Modern.az-a açıqlamasında deyib ki, neft hasilatının azaldılması barədə qərar reallıqda neft qiymətlərini OPEC+ ölkələri üçün gələn il üçün 80 dollardan aşağı düşməməsinə hesablanıb.

 

"Reallıqda göstərilən proqnozlar ona dəlalət edir ki, neft qiymətləri orta hesabla 85 dollardan də yuxarı olacaq. Cari ildəki qiymətlər yüksəyə hesablanıb. Burada bir stimul yaratmaq istəyirlər. Ehtiyatlar azalır və bu baxımdan hesab etmirəm ki, hazırkı qərarın iqtisadiyyatın neftdən asılı olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün neqativ təsirləri olacaq".

 

Ekspert Azərbaycanın itirəcək heç bir şeyin olmayacağını diqqətə çatdırıb.

 

“Bu təşkilat ona görə yaradılıb ki, iqtisadiyyatı neftdən asılı olan ölkələrin maraqlarını qorusun. Azərbaycan üçün ayrılan kvotaya biz baxın, 551 min barel, ancaq okytabrda Energetika Nazirliyinin açıqladığı rəqəmə görə bu 489 min barel olub. Azərbaycanın itirəcəyi heç bir şey yoxdur. Bu baxımdan imkanlarımız o kvotadan yüksəkdir. Hasilatımız azalır və yeganə ümidimiz bazarda qiymətlərin yüksək olmasıdır ki, onu gəlirlərimizlə konpensasiya edə bilək.”

 

Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir. “OPEC plus”un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.

 

İsmayıl Bakuvi

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi