Modern.az

Bakıdan xaricdəki azərbaycanlı biznesmenlərə ÇAĞIRIŞ: Qarabağa gəlin!

Bakıdan xaricdəki azərbaycanlı biznesmenlərə ÇAĞIRIŞ: Qarabağa gəlin!

İqtisadiyyat

4 Dekabr 2023, 16:58

Qarabağ işğaldan azad edildikdən dərhal sonra bölgədə böyük quruculuq-bərpa işləri başladı. Bu istiqamətdə xarici investiyaların cəlb edilməsi işi də aparılır.

 

Hazırda yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

Prioritet istiqamətlərdən biri də xaricdə yaşayan azərbaycanlı iş adamlarının Qarabağa investisiya yatırmağa cəlb edilməsidir. 

 

Maraqlıdır ki, xaricdə yaşayan Azərbaycanlı sahibkarları investisya qoymaq üçün necə cəlb etmək olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov işğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağının böyek olduğunu bildirib:

 

“İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 1550-dən çox müraciət daxil olub. Müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur. Bir ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərdə müxtəlif biznes layihələri icra edilməkdədir. Dövlətin onlara verdiyi dəstək marağı daha da artırır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən, azad edilən ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, zəruri  infrastrukturların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə azad olunan ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub. Bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirməkdədir”.

Deputat işğaldan azad edilmiş bölgələrin zəngin mineral ehtiyatlarından da danışıb:

 

“Cəbrayıl və Kəlbəcər ərazisində sənaye və balıqçılıq sahəsinin inkişafı mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdirlər. Dağ mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan və Ağdərədə qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın, Kəlbəcər ərazilərimizdə dağ turizmi, ekoturizm, müalicəvi turizm və mədəni turizm üçün yararlıdır. Ona görə də sərmayə layihələri icra etmək istəyən iş adamlarının sayı durmadan artır”.

 

Aydın Hüseynov vurğulayıb ki, azad edilmiş ərazilərdə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub:

 

“Belə ki, “Sosial sığorta haqqında” Qanununa dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunub. Bu da bölgəyə marağın artmasında mühüm amillərdən biridir".  


Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir:

 

“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərində işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edilirlər. Bütün bunlar bölgədə iş adamları, eləcə də xaricdə yaşayan azərbaycanlı sahibkarlar üçün iqtisadi fəaliyyəti stimullaşdırır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə təhlükəsizliyin təmin edilməsinin xaricdə yaşayan azərbaycanlıların Qarabağa investisya qoyması baxımdan vacib olduğunu söyləyib:

 

“Məmur müdaxiləsi, qeyri-sabit rəqabət mühitinin yaradılması nəticəsində sahibkarın investisya qoyduğu sahənin iflic olması, eyni zamanda bu və ya digər səbəblər əsas gətirələrək onun fəaliyyətinə mane yaradılması xarici investorların, eləcə də həmyerlilərimizin Azərbaycana investiya qoymasına əngəl olan əsas faktorlar kimi göstərilə bilər. Bu problemlər olmadığı halda xaricdə yaşayan həmyerlilərimizin Azərbaycana investisya qoyması mümkündür. Bu, vətən sevgisi, yaxud qeyri-adi davranış deyil. İnvestisya sahibkarın pulunu artırmaq istəyidir. Sahibkarın bu istəyi isə onun üçün münbit şərait olanda reallaşır. Hesab edirəm ki, münbit şəraitin yaradılması investisya istəyini də artırar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi