Modern.az

Azərbaycanda zəfəran PROBLEMİ

Azərbaycanda zəfəran PROBLEMİ

İqtisadiyyat

9 Dekabr 2023, 13:26

Milli mətbəximizdə özünəməxsus yer tutan, bir çox dadlı yeməyin bəzəyi olan zəfəranın yığımı ildə cəmi 1 dəfə, oktyabrın sonundan başlayaraq noyabr ayı boyunca davam edir. Yığım noyabr ayının sonu, dekabrın əvvəllərində yekunlaşır. Ləzzətli və gözəl qoxusu ilə həm də bir çox faydası olan bu dəyərli bitki təəssüf ki, az becərilir. Bazarlarda öz zəfəranımızla yanaşı, İran, Çin istehsalı olan zəfəranlara da çox rast gəlinir.

Zəfəranı Azərbaycanın bir çox yerində yetişdirmək mümkündür. Lakin onlar arasında ən məşhuru Abşeron zəfəranıdır.

Bu il Azərbaycanda zəfəran demək olar çox az yığılıb. Zəfəran ticarəti ilə məşğul olanlar bunu müxtəlif səbəblərlə izah edirlər.

Bəs zəfəranın azlığı Azərbaycan bazarında onun qiymətinə necə təsir göstərəcək?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a açıqlamasında deyib ki, bu məhsulun azlığını istehsalın və məhsuldarlığın az olmasında görür.

“Bu istehsalın və məhsuldarlığn az olması, bazarın qıtlığı ilə bağlıdır. Bildiyimiz bu məhsul İrandan daha ucuz gətirilir və Azərbaycan istehlakçılarına təklif olunur. Bizim istehsalçılar bu rəqabətə dözə bilmirlər. Baxmayaraq ki bu məhsulu daha keyfiyyətli, çox miqdarda istehsal etmək və xarici bazarlara çıxararaq baha qiymətə satmaq olar. Lakin bizdə bütün sahələrdə olduğu kimi, burada da problemlər var. Alıcılıq qabiliyyətinin zəif olması belə məhsulların bazarda satışına imkan vermir. Ona görə ki əhalinin alıcılıq qabiliyyəti aşağıdır.
Abşeron zəfəranına ən çox azərbaycanlılar dəyər verə bilər. Azərbaycanda digər məhsullar da istehsal olunur ki, dəyəri yüksək olduğu halda daxildə təlabat yoxdur.”


Zəfəranın yetişdirilməsi, təbliğatı ilə məşğul olan jurnalist İsmayıl Rafiqoğlu deyib ki, iqlim dəyişikliyi və yağıtının az olması bu bitkiyə təsir edir:


“Bu il Abşeronda zəfəran olmadı. Yəni bu qiymətli ədviyyənin ən bol məhsul verdiyi Bilgəh qəsəbəsinə üz tutanlar “kənddə heç kimdə zəfəran yoxdur” ifadəsini eşitdilər. Mən özüm də Bilgəhdəki həyətyanı sahədən cəmi 150 zəfəran çiçəyi toplaya bildim. İlk dəfə belə halla qarşılaşırdım. Ümumən zəfəranın məhsuldarlığında azalma müşahidə olunur, yəni son 3 ildə çox az məhsul əldə edə bilmişik. Bu da bir sıra faktorlara bağlıdır. 

İqlim dəyişməsi zəfərana ciddi təsir edir. Hava isti keçir, yağıntı isə yoxdur. Bu il sentyabr yağışını çıxmaq şərti ilə, nə oktyabrda, nə də noyabrda Bakıda yağış oldu. Zəfəran quru iqlimi sevir, bu şəraitdə normal inkişaf edə bilir. Sadəcə olaraq vegetasiya dövründə bir neçə dəfə güclü yağışa ehtiyacı var. Nə artıq olmalıdır, nə də əskik. Yağış çox olanda zəfəran məhsul əvəzinə gücünü yaşıl hissəyə verərək çiçəkdən qalır, suyu az olanda isə həmin çiçəyi verməyə gücü olmur. 3-4 dəfə oktyabrda, 3-4 dəfə isə noyabrda yağış olmalıdır. Özü də davamında günəşli günlərə də ehtiyacı var. Yağışın ardınca gün çıxdısa, deməli məhsul bol olacaq. İşıqlı günlər olmayanda isə bitkinin çiçək vermək imkanı azalır. 

Məhsuldarlığa həm də başqa faktorlar təsir edir. Zəfəran müəyyən qulluq tələb edən bitkidir, gərək torpağı yaxşı havalansın, alağı vaxtında təmizlənsin, soğanağın yeri dəyişdirilsin. Hazırda Abşeronda 4-5 metrlik hasarlar hava axınının qarşısını alır, heç dənizdən gələn və özü ilə rütubət gətirən xəzrini belə duya bilmirik. Abşerona uyğun olmayan ağaclar da yerli bitkiləri sıradan çıxardır. Yeni həyət alan imkanlı şəxslər ilk növbədə küknar tipli ağaclara üstünlük verirlər. İynəyarpaqlılar isə başqa bitkilərə artmağa imkan vermirlər. Zəfərana lazım olan rütubət, hava, açıqlıq olmadığından məhsul azalır. Özü də iqlim dəyişməsi tək Azərbaycanda yox, həm də dünyanın bir sıra ölkəsində məhsuldarlığa təsir edir. Məsələn, Hindistanın Kəşmir əyalətində neçə ildir zəfəranın yetişdirilməsində ciddi problemlər yaşanır, fermerlər məhsul əldə edə bilmirlər.”


Jurnalist məhsulunun azlığının qiymətə də təsir edəcəyini bildirib:
 

“Məhsulun azalması əlbəttə qiymətə birbaşa təsir edir. Bazarda Abşeron və ya Bilgəh zəfəranı tapmaq müşkülə çevrilib. Hazırda zəfəran 10 manat və ya daha baha qiymətə satılır. Özü də aşağı qiymət söhbəti yoxdur. Nəinki zəfəranın özü, hətta soğanağı belə hazırda 12-15 manata qədər bahalanıb. İl-ildən o da qıtlaşır. Zəfəranın yetişdirilməsi ilə məşğul olanların sayı azalıb deyə ucuzlaşma söhbəti yoxdur. Sadəcə bizim bazara İrandan məhsulun gətirilməsi ciddi təsir edir. İran dünyanın zəfəran bazarının 90 faizinə nəzarət edir. Bu qonşuluq səbəbindən ölkəyə də çox ədviyyat gətirilir. Yoxsa zəfəran üzünə həsrət qalardıq. Doğrudur, zəfəran əvəzinə saxta məhsul satan da az deyil, fırıldaq yolla insanları aldadırlar".
 

Ekspert  bu bitkinin qədərindən artıq istifadəsinin ağır nəticələrə səsəb ola biləcəyinindən də bəhs edib:
 

“Zəfəranın faydası olduqca böyükdür. Alimlər onlarla xəstəliyin müalicəsində bu bitkinin əhəmiyyətini qeyd edirlər. Aparılan tədqiqatlar qaraciyərin, ürək-damar, mədə-bağırsaq sistemlərinin normal işləməsi üçün zəfəranın əvəzsiz rolunu təsdiq edir. Zəfəran həm xərçəngin profilaktikasında, həm də görmə problemlərində xeyirlidir. Əhvalı yaxşılaşdırır, depressiyadan yaxa qurtarmağa yardım edir. Faydasından danışmaqla bitməz. İstifadə edəndə isə bir qədər ehtiyatlı davranmağa dəyər, çünki qədərindən artıq olanda ağır nəticə verə bilər. Bir insanın illik norması haradasa orta hesabla 1 qrama bərabərdir. Yəni zəfərandan qramla yox, tel-tel yararlanmaq lazımdır. Bəzi mənbələrdə səhvən 5-10 qramı suda qarışdırmaqdan yazan bloqçulara rast gəlirik. Belə dozalar həyat üçün təhlükəlidir. Zəfəranın istifadəsində normanı gözləmək ən vacib məsələdir. Hamilə qadınlara istifadəsi məsləhət deyil. Bir də hansısa xroniki xəstəliyi olan şəxslərin həkimlə məsləhətləşməsi yaxşı olardı. Bu, olduqca güclü vasitədir".
 

İsmayıl Bakuvi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi