Ölkəmizdə ərzaq məhsullarının idxaldan asılılığı 70-75 faiz arasında dəyişir. Bu isə hər il milyonlarla valyutanın ölkədən kənara çıxması deməkdir. Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, ötən il idxal olunan məhsullar əsasən yeyinti məhsullarıdır. Təkcə 92 milyon dollardan artıq vəsait kərə yağı və süddən hazırlanan məhsullara xərclənib.
Digər ərzaq malları da idxaldakı mövqeyini möhkəmləndirib.
Maraqlıdır, iqlim baxımından əlverişli mövqedə olan Azərbaycanda bir çox qida məhsulu istehsalı mümkün olduğu halda ölkəmiz niyə hələ də bu sahədə idxaldan asılıdır.
Modern.az-ın məlumatına görə iqtisadçı ekspert Natiq Cəfərli mövcud vəziyyətin əsas səbəbini belə izah edib:
“Azərbaycanın ərzaq məhsullarının idxaldan asılılığı 70-75 faiz arası dəyişir. Bunun əsas səbəbi yerli istehsalın illərdir ki, istənilən tempdə artmamasıdır. Kənd təsərrüfatına böyük diqqət yetirilir. Bu istiqamətdə illər ərzində böyük proqramlar qəbul olunub. Dotasiyaların həcmi və verilməsi istiqamətləri də keyfiyyət olaraq yaxşılaşdırılıb. Lakin bu da yetərli deyil. Aqrar sahədə çalışanların ən böyük problemi uzunmüddətli və aşağı faizli kreditlərin olmamasıdır”.
Ekspertlər deyirlər ki, idxaldan asılılığın obyektiv səbəbləri də var. Əsas səbəblərdən biri Azərbaycanda su ehtiyatlarının azlığının aqrar sahədə yaratdığı çətinliklərdir. Qida məhsullarında isə idxaldan asılılıq milyonlarla vəsaitin ölkədən çıxması deməkdir.
“Daha bir problem ondan ibarətdir ki, Azərbaycanda əhalinin gəlirlərinin ərzağa xərclənən hissəsi çoxdur. Biz daha çox ərzağa pul xərcləyiriksə, həmin vəsait valyutaya çevrilib ölkədən çıxır. Çünki biz idxaldan asılıyıq. Öz ehtiyaclarımızı ödəmək üçün xaricdən məhsul almağa çalışırıq. Amma daxili istehsal artsa, həmən vəsait ölkə daxilində dövriyyə edə bilər. Bu isə əlavə dəyər, gəlir və fürsətlər yarada bilər”,- N.Cəfərli İTV-yə açıqlamasında vurğulayıb.
Əhalinin gəlirlərinin əsas hissəsinin ərzaq məhsullarına xərclənməsi digər sektorlarda iqtisadi durğunluqla nəticələnir.
Ekspertlər bildirirlər ki, problemin həlli üçün vacib məsələlərdən biri kənd təsərrüfatında təşviq siyasətinin gücləndirilməsi, yəni aşağı faizli və güzəştli kreditlərin artırılmasıdır.