Modern.az

Gürcüstandan Azərbaycana maşın idxalında REKORD

Gürcüstandan Azərbaycana maşın idxalında REKORD

İqtisadiyyat

23 Yanvar 2024, 09:50

Ötən il Gürcüstandan Azərbaycana avtomobil ixracında rekord qeydə alınıb. 2023-cü ildə bu ölkədən Azərbaycana 22 393 ədəd avtomobil gətirilib.

 

Modern.az-ın məlumatına görə, avtomobillərin ümumi dəyəri 437,233 milyon ABŞ dolları olub.

 

Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumatda aydın olur ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb.

 

Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir. 2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5% Azərbaycanın payına düşüb.

 

Ekspertlər deyir ki, Gürcüstandan avtomobil idxalının artmasının əsas səbəbi Azərbaycanda avtomobil qiymətlərində artımların olmasıdır. Belə ki, Azərbaycana son 10 ildə istehsal edilən maşınların gətirilməsi qadağan olunduğu üçün ölkə daxilində avtomobillərdə ciddi bahalaşma qeydə alınıb.

 

Digər maraqlı məqam Azərbaycanda hibrid avtomobillərə marağın artmasıdır. Bu avtomobillər də nisbətən ucuz qiymətə xaricdən gətirildiyi üçün bir çox insan bu maşınlara üz tutur. 

 

Qeyd edək ki, tam elektrik mühərrikli, həmçinin istehsal tarixi üç ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı zamanı gömrük və vergi güzəştləri tətbiq edilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər