Modern.az

Yeni saziş: Azərbaycana yatırılan investisiyalar artacaq

Yeni saziş: Azərbaycana yatırılan investisiyalar artacaq

İqtisadiyyat

23 Fevral 2024, 09:32

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.  Türkiyə ilə Azərbaycan arasında vergi sahəsində əməkdaşlığa dair də müqavilə imzalanıb.

 

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında müqavilə imzalanıb. 

 

Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.

 

Bu iki ölkə arasındakı investisiya qoyuluşlarının artmasına səbəb olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki,  “Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanması iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişafına əlavə stimullar verəcək:

 

“Burada səbəb  qarşılıqlı investisiyaların axınını artırmaqdır. Həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatın inkişaf etdirilməsində son illərdə xarici investisiyalara xüsusi diqqət yetirir. Bu baxımdan, ikiqat vergitutma ilə bağlı sazişlərin imzalanması sözügedən prosesə mühüm bir təkandır. Bu sazişlərin ölkələrimiz arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri şirkətlərin və iş adamların fəaliyyəti üçün də geniş imkanlar açacaq”.


Deputat ikiqat vergitutmanın  mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törətdiyini qeyd edib:

 

“Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir. Bu cür sazişlər olmadığı halda isə hətta böyükhəcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə söyləyib ki, Azərbaycanla Türkiyə arasında preverensial ticarət sazişi imzalandıqdan sonra ticarət dövriyyəsi artmaqda davam edir:

 

"Düzdür, qarşıya qoyulmuş hədəfə çatmağa hələ çox var. Çünki hələ ticarət dövriyyəsinin 15 milyard manata qədər çatdırılması var. İndiki göstərici ümumi hədəfin yarısına bərabərdir. İki ölkə arasında əməkdaşlıq istiqamətində istənilən addım ölkələrimizi hədəfə daha da yaxınlaşdırır. O cümlədən ikiqat vergitutmanın ləğv olunması ticarət dövriyyəsinə təbii ki, öz müsbət təsirini göstərəcək. Eyni zamanda da ölkələr arasında investisya mühitinin yaxşılaşmasına xidmət edəcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi