Modern.az

Azərbaycanın mənzil bazarında süni qiymət ARTIMI

Azərbaycanın mənzil bazarında süni qiymət ARTIMI

İqtisadiyyat

15 Aprel 2024, 15:33

Son dövrlərdə Bakının mənzil bazarında bahalaşma müşahidə olunur. Xüsusilə şəhərin mərkəzi hissələrində, metrosyansiyalarına yaxın ərazilərdə qiymətlərdə ciddi artım qeydə alınıb. Bahalaşmanın səbəblərindən biri kimi Rusiya-Ukrayna müharibəsi göstərilir.

 

Ancaq Azərbaycanın mənzil bazarında baş verən bahalaşma heç də həmişə təbii deyil. Ekspertlər deyir ki, təbii faktorların təsirindən istifadə edən bəzi tikinti şirkətləri süni qiymət artımı edirlər. Bir çox vətəndaş qiymət artımından narazılıq ifadə edir.

 

"Qiymətlərin ucuzlaşması üçün səbəb yoxdur"

 

Məsələ ilə bağlı Modern.az-a danışan mənzil eksperti Ramil Osmanlı bildirib ki, hazırda daşınmaz əmlak bazarında sabitlik var:

 

“Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın daşınmaz əmlak bazarına çox ciddi təsirləri olub. Təəssüf ki, hələ də psixoloji təsirlər qalmaqdadır. Ötən ilin ikinci yarısından etibarən daşınmaz əmlak bazarında stabilləşmə müşahidə olunmaqdadır. İpoteka kreditlərinin başlanması nəticəsində nisbi qiymət artımları müşahidə olundu.  Amma hazırda sabitləşmə var”.

Ekspert vurğulayıb ki, tikinti şirkətləri həmişə süni olaraq qiymətləri artırıb:

 

“Lakin onu da demək lazımdır ki, bəzən tikinti şirkətləri bu prosesə istəmədən qoşulurlar. Hökumətin qəbul etdiyi qərarlar, inzibati təsirlər var ki, onların nəticəsində qiymət artımlarına getməyə məcbur olurlar. Bunu edə bilmədikləri halda sahələrin düzgün ölçülməməsi kimi yollara əl atırlar. Bəli, bu təsirlərdən ötrü qiymət artımları sünidir. Bütövlükdə daşınmaz əmlak bazarında qeydə alınan qiymət artımları iqtisadi və inzibati təsirlərdən qaynaqlanır”.

 

Ramil Osmanlı mənzil qiymətlərinin ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı da danışıb: “Təəssüf ki, qiymətlərin ucuzlaşacağına dair gözləntilər, işartılar yoxdur. Regionda baş verən hadisələr hələki Azərbaycan daşınmaz əmlak bazarında müsbət nəsə vəd etmir. Qiymətlərin ucuzlaşması üçün əsaslı bir səbəb yoxdur”.

 

"Qiymət artımları əhalinin böyük hissəsinin büdcəsinə uyğun deyil"

 

Digər bir mənzil eksperti Elnur Fərzəliyev söyləyib ki, hər il əmlak bazarında 10-15 faiz qiymət artımı baş verir:

 

“Ən çox qiymət artımı 2023-cü ildə baş verdi. 2023-cü ilin oktyabr ayından əmlak bazarında çöküş yarandı. Bazar dayandı. Qiymətlər  kəskin artmışdı.Bir aydan artıq müddətdir ki, ipoteka kreditləri verilməyə başlayıb. Bu səbəbdən bazarda canlanma var. Lakin qiymətlər o qədər artıb ki, mənzillər əlçatan deyil. Söhbət Bakının mərkəzində, mərkəzinə yaxın,metroya yaxın evlərdən gedir. Daha çox köhnə evlərin qiymətləri artır. Bu evlərə imkanı olanlar yatırım edirlər. Çünki bu evlər söküləndə  2-2 il yarım vaxt ərzində müntəzəm kirayə pulları verilir. Daha sonra bina hazır olanda oradan uyğun olaraq mənzil verilir. Həmin mənzilin qiyməti vətəndaşın köhnə evindən 2-3 qat baha olur. Köhnə binalar ipoteka kreditlərinə çevrilə bilmir, bank onları girov götürə bilmir. Çünki bu evlərin əksəriyyəti istismar müddətini başa vurub, çoxu da qəzalıdır. Süni səbəblərdən qiymətlər artıb”.

E.Fərzəliyev də qiymətlərdə ucuzlaşmanın gözlənilmədiyini vurğulayıb:

 

“Bununla yanaşı qiymətlərdə ciddi artım da yoxdur. Sadəcə olaraq qiymət vaxtilə o qədər artıb ki, indi mənzillərin çoxu əlçatan deyil. İpoteka kreditinə çevrilə bilən köhnə 9 mərtəbəli binalardan  şəhərinə mərkəzinə yaxın ərazilərdə birotaqlı mənzillər 120-130 min manatdır. Bu qiymətlər 180 minə qədər çıxa bilir. Təbii ki, bu rəqəmlər fantastikdir. 6-7 il əvvəl 150-200 min manat üçotaqlı mənzil almaq olurdu. Qiymət artımları əhalinin böyük hissəsinin büdcəsinə uyğun deyil. İpoteka krediti verilərkən də müəyyən problemlər yaranır. Ona görə ki, ipoteka predmetinə çevrilən mənzillərin qiyməti artır. Belə olan halda onların aylıq ödənişlərinin məbləği də artır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi