Modern.az

Azərbaycana gətirilən maşınlar BAHALAŞIB

Azərbaycana gətirilən maşınlar BAHALAŞIB

İqtisadiyyat

16 Aprel 2024, 15:02

Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub.
 

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub.
 

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında 315 milyon dollar dəyərində 20 799 ədəd avtomobil Azərbaycana gətirilib.


Ölkəyə gətirilən avtomobillərin 17 610 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Azərbaycana idxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min dollara yaxın olub. 2023-cü ilin ilk 3 ayında isə bu rəqəm 14.4 min dollar idi.


Bu il Azərbaycana gətirilən avtomobillərdən 830-u elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri), 3615-i isə hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki avtomobil sayında artım qeydə alınıb.


İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınıb. Yanvar-mart aylarında Azərbaycana 118 milyon manatlıq hibrid, 35 milyon dollar dəyərində elektrombil gətirilib. Hibrid avtomobillərinin birinin qiyməti ötən il 21.7 min dollar olduğu halda, bu il 32.6 min dollar olub. Elektromobillərin birinin orta qiyməti isə 2023-cü ildə 41.6 min dollar, 2024-cü ildə 42.5 min dollar olub.
 

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana 10 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1 821 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 105 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri gətirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi