Modern.az

Çin Azərbaycana idxalda lider oldu - SƏBƏBLƏR

Çin Azərbaycana idxalda lider oldu - SƏBƏBLƏR

14 May 2024, 11:20

Bu ilin birinci rübündə Çin Azərbaycana idxalda lider olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

 

Birinci rübdə Çin Rusiya və Türkiyəni geridə qoyaraq Azərbaycana mal ixrac edən lider olub. Çindən idxalın həcmi 743,7 milyon dollar (ümumi idxalın 20,04%-i), Rusiya Federasiyasından 661,8 milyon dollar (17,83%), Türkiyədən 538,7 milyon dollar (14,51%) təşkil edib.

 

Çindən idxalın artmasına səbəb olan əsas faktorlar nələrdir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, idxalda Çinin payının artmasının bir sıra səbəbləri var:

 

“Birincisi, Çinlə Azərbaycan arasında münasibətlərin, əlaxüsus da təsərrüfat subyektlərinin, yəni sahibkarların arasında münasibətlər getdikcə artır. Orta Azərbaycan istehsalçısını qeyri-ərzaq məhsullarına tələbi artıb. Bu da Çindən idxalın artmasına gətirib çıxarır. Digər yandan Qarabağda yenidənqurma-bərpa işləri aparılır. Bu zaman da qeyri-ərzaq məhsullarının idxalına zərurət var. Bu sahədə də deyildiyi kimi Çin üstünlük təşkil edir”.

“Eyni zamanda Orta Dəhlizin potensialının getdikcə artması, Qırmızı dənizdə yaranan problemlər, Çinin Orta Dəhlizə meyil göstərməsi də təsir edən faktorlardandır. İxracın tədricən Azərbaycan üzərindən həyata keçirilməsi təbii olaraq Azərbaycana da ixracı artırır”,- iqtisadçı əlavə edib.

 

Digər bir iqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Çində qiymət artımlarının olmaması buradan idxalı sərfəli edir:

 

“Əslində, Azərbaycanla Çin arasındakı iqtisadi əlaqələrən baxdıqda son illər bu ölkə həmişə ilk üçlükdə yer alıb. Amma son aylarda Çindən gələn məhsulların sayının artması onu birinci yerə çıxardı. Burada bir sıra səbəblər var. Əsas səbəblərdən biri odur ki, Çinlə logistika yaxşılaşıb. Yəni orta dəhliz layihəsinin bir hissəsi tam gücü ilə olmasa da, artıq fəaliyyətdədir. Çindən artıq dəmiryolu vasitəsi ilə 15-16 günə məhsulların çatdırılması mümkündür. Bu da logistikanı yaxşılaşdırıb və daşınma xərclərini aşağı salıb. Çində defilyasiyadır. Yəni bütün dünyada qiymət artımı müşahidə oldunduğu halda, Çində keçən ilin sonundan indiyə qədər qiymətlərdə artım görünmür. Qiymətlər durğunluq dövründədir ki, bu da Çindən məhsul gətirməyi sərfəli edir. Qiymət artımının Çində aşağı səviyyədə olması cəlbediciliyini artırıb. Bu faktorlar Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artmasına səbəb olur”.

“Bura bir faktor da əlavə etmək olar. Azərbaycan-Çin hökumətlərarası görüşlərin intensivliyi də artıb. Bu da  ticarət dövriyyəsinin maneəsiz və tez həyata keçirilməsinə yardımçı olan faktordur”, - Natiq Cəfərli əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?