Modern.az

Türkmən qazı Azərbaycandan keçəcək!

Türkmən qazı Azərbaycandan keçəcək!

23 May 2024, 13:38

Türkmənistan qazının Azərbaycan ərazisi ilə Türkiyəyə tədarükü barədə bağlı razılıq əldə olunub. Saziş Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.

 

"Bu razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”, - Bayraktar bildirib.

 

Yeini saziş Azərbaycan üçün nə vəd edir?

 

"Yeni boru kəməri inşa etmədən kiçik həcmdə idxal mümkündür"

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyənin orta Asiya ölkələrinə inteqrasiyası sürətlənməkdədir:

 

“Bu, özünü ənənəvi enerji resurslarının idxal olunmasında da göstərir. Azərbaycan "Cənub Qaz Dəhlizi"nin ikinci layihəsi olan "Cənubi Qafqaz" boru kəməri ilə qazı Türkiyə sərhədinə çatdırır. Ümumilikdə isə Ərzuruma qədər olan hissə Bakı-Tbilisi-Ərzurum qaz kəməri adlanırdı. Məhz bu kəmər Azərbaycan qazını Avropaya ixrac edir. Türkiyənin istəyi nə qədər olacağı və ona istədiyi qazın hansı formada bu kəmər vasitəsilə ixrac olunacağı cavab tələb edən ciddi suallarıdır. Türkmənistan qazının Azərbaycana nəql olunması üçün hesab edirəm ki, Xəzərin dibi ilə "Transxəzər Qaz Boru Kəməri"nin inşası, daha sonra "Cənub Qaz Dəhlizi"nə paralel ikinci boru xəttinin gələcəkdə çəkilməsi zəruri olacaq. Bu, təbii olaraq, Azərbaycan, Türkmənistan, Avropa və Türkiyə üçün uzunmüddətli istifadə olunacaq və rentabelli olacaq. Yeni boru kəməri inşa etmədən də hazırda kiçik həcmdə idxal mümkündür. Amma ciddi idxal həcmləri üçün əlavə enerji kəmərlərinin inşasına ehtiyac var. Yaxud bu proses İran üzərindən də icra oluna bilər. Bütün hallarda İran üzərindən də bunu qarşılayacaq infrastruktur mövcud deyil”.

"Azərbaycana tranzit ölkə kimi əlavə dividentlər, qazanc vəd edir"

 

İqtisadçı ekspert Pərviz Heydərov razılaşmanın Azərbaycana çox böyük xeyir verəcəyini düşünür:

 

“Əlbəttə, ərazimizdən tranzit kimi istifadə ölkəmiz üçün əlavə dvident, gəlirlər deməkdir. Bunun üçün müvafiq infrastrukturumuz hər cür şərait yaradır. Azərbaycan vaxtilə xam neftin ötürülməsi, qazın nəqli ilə bağlı regionda ən böyük layihələr olan “Bakı-Tblisi-Ceyhan” qaz kəməri, “Cənub Dəhlizi” kimi layihələrə külli miqdarda sərmayə sərf edəndə əsas strateji məqsədimiz bundan ibarət idi ki, digər ölkələrdə sözügedən kommunikasiya xətlərindən istifadə etməklə dünyanın digər bazarlarına - Avropaya, Aralıq dənizinə çıxa bilsinlər. “Cənubi Qaz Dəhlizi” üçün külli miqdarda sərmayə sərf etməkdə əsas məqsədmiz elə Türkmənistan, eləcə də digər Mərkəzi Asiya ölkələrinin təbii qazının bu kəmər vasitəsilə Avropaya nəqlinə nail olmaq idi. Hətta vaxtilə “Transxəzər Boru Kəməri” ilə də bağlı da bir ideya var idi. Hələlik təəssüflər olsun ki, bu layihə həyata keçirilməyib. Lakin sözügedən ideya hələ də qüvvədədir. Hadisələrin bu cür gedişi, yəni Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli, gələcəkdə bu ölkənin qazının Avropaya da bizim vasitəmizlə nəqlinə geniş imkanlar açır. Bu onun üçün siqnal sayılır. Bütün bunlar da Azərbaycana tranzit ölkə kimi əlavə dividentlər, qazanc vəd edir. Belə götürdükdə bu cür razılaşmanın əldə olunmasının ən böyük xeyri elə bizim ölkəmiz üçün gözlənilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi