Modern.az

Azərbaycanda unun qiyməti süni artırılıb? - AÇIQLAMA

Azərbaycanda unun qiyməti süni artırılıb? - AÇIQLAMA

23 May 2024, 09:00

Mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda unun bahalaşması barədə xəbərlər yayılıb. Məlumata görə, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

 

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Buna əsas səbəb isə məhsulun azlığı göstərilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzi sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımı süni qıtlığın yaranması ilə bağlıdır:

 

"Azərbaycanda buğda və un idxalı, həm də çörək istehsalı inhisardadır. Ola bilsin ki, bu inhisarçılar məhsul biçininə yaxınlaşıldığını, bütün mənbələrdə buğdanın qıtlaşdığını düşünüb buğdanın qiymətinin bahalaşacağını güman edirlər. Lakin bunu güman edənlər yanılırlar. Ötən il dünyada buğda istehsalı dünyanın tələbatından aşağı-yuxarı 10 faiz çoxdur. Ona görə də köhnə buğda bu ilin iyul-avqust aylarına qədər bazarda öz qiymət mövqelərini sabit şəkildə saxlayacaq".

 

İqtisadçı ekspert vurğulayıb ki, Azərbayacana idxal olunan taxılda əldə olunan 1 kiloqram unun maya dəyəri 45 qəpiyə gəlir:

 

"Avropa bazarlarında müəyyən bahalaşmaların olması mümkündür. Amma bu, Azərbaycanın daxili bazarına təsir edən amil deyil. Çünki biz Avropadan buğda almırıq. Biz buğdanı əsasən Rusiyadan alırıq. Hazırda Rusiya buğdası da 220-225 ton arasında dəyişir. Hesab edirəm ki, bu süni şəkildə yaradılan situasiyadır. Yaxın günlərdə tərsinə prosesin başlanması gözləniləndir. Çünki hazır unun uzunmüddət anbarlarda saxlanılması çətindir. Onun üçün şərait yaradılmalıdır. Azərbaycandakı un anbarlarında isə o şərait yoxdur. Ya şərati yaradıb xərc çəkməlidirlər, ya da unun normal qaydada bazara çıxışını təmin etməlidirlər. Un normal qaydada bazara çıxacaqsa, onun qiyməti ucuzlaşacaq. Hazırda Azərbayacana idxal olunan taxılda əldə olunan 1 kiloqram unun maya dəyəri 45 qəpiyə gəlir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?